AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yelənni

Nümunənin reyestr kodu : FM0204010002

Yelənnilər yetkinlik yaşına çatmış qız və oğlanların yelləncək başında oxuduğu nəğmələrdir. Bayatı qəlibində qurulan bu dördlüklər digərlərindən sadəcə məzmununa və nəqərat yerində “yelli yelənni” ifadəsinin işlənməsinə görə fərqlənir. Bu mahnılar öz adını yelləncək növündən götürür. Azərbaycanın bəzi bölgələrində balaca uşaqların yelləndiyinə yelləncək, böyüklərin yelləndiyinə isə yelənni deyilir. Yelləncəkdən fərqli olaraq yelənnilərin uzunluğu bəzən 20 metrəyə çatır və o qədər sürətlə hərəkət edir ki, yellənən şəxs ağacın ən yüksək budağından yarpaq qopara bilirdi.

Azərbaycanın bəzi bölgələrində surmancaq, uçuncaq, kuf adı ilə də tanınan bu oyun Novruz bayramında və ya qız gəlin köçən ərəfədə oynanılıb. Əsasən açıq sahədə, yağışlı havalarda isə dam evlərində oynanılıb. Məsələn, Zəngilan rayonunun eyni adlı kəndində yelləncək oyunu kəndin tut bağında, rayonun Dərə-Gilətağ kəndində isə xırman ərazisində oynanılıb. Ağdaş rayonunun Pirəzə kəndində isə ya Kür qırağındakı meşəlikdə, ya da gəlin köçən qızın həyətində oynanılıb. Açıq ərazidə oynanıldıqda yelləncək hündür ağacların budağından, dam evlərində oynanıldıqda isə damın bacasına lom və ya dəmir parçası atmaqla qurulurdu. Yelləncək oyunu bəzi bölgələrdə dörd çərşənbənin dördündə də oynanılıb. Bəzi bölgələrdə bu oyun axır çərşənbədən və ya martın 21-22-sindən başlayıb ayın axırına qədər davam edib. Oyunun oynanıldığı gün Gədəbəy rayonunda həm də Qızlar bayramı kimi tanınır.

Yelənnilərin oxunduğu yelləncək keçi qəzilindən toxunmuş sicimdən qurulur, sicim oturan şəxsi kəsməməsi üçün ortasına döşək qoyulurdu. Yelləncəkdə ayaq üstə və ya oturaraq yellənilirdi. Oturaraq yellənildiyi zaman qızlardan biri yelləncəkdə oturan şəxsi arxadan itələyirdi. Qızları yellədən şəxsin əlində çubuq olur, yellənən qızdan istədiyi oğlanın adını soruşur, demədikdə onu çubuqla vurub adını söyləməyə məcbur edirdi. İstədiyi oğlanın adını öyrəndikdə isə onun adına yaraşdırdığı müəyyən mahnılar oxuyurdu. Zəngilan rayonunun Dərə Gilətağ kəndində belə məclislərə zurnaçı da gətirilir və yelənnilər zurnada ifa olunan mahnıların müşayiəti ilə oxunurdu. İfa zamanı yelənninin bir misrasını qızların biri deyir, nəqərat hissəsi isə xor oxunurdu. Zəngilan rayonundan yazıya alınmış bir yelənnidə deyilir.


O tayada qoç yatıbdı,

Ay daha yelli yelənni.

Buynuzların çatıbdı.

Ay daha yelli yelənni.

Hayıf o qoçun quyruğu,

Ay daha yelli yelənni.

Quru yerdə yatıbdı,

Ay daha yelli yelənni.


Yelləncək oyunu arxaik ənənədə qızları, gəncləri evlənməyə sövq edən, onların ərə getmək, evlənmək ya​şına qədəm qoymalarını stimullaşdıran magik vasitə kimi qavranılmışdır. Bu oyun əylənmək üçün deyil, bəxtin açılması, növbəti ilə qədər nişanlanmaq niyyəti ilə oynanılmışdır. Orada oxunan sözlər də birbaşa mərasimin mahiyyəti ilə bağlı olmuşdur (eşq, məhəbbət, evlilik bu nəğmələrin əsas mövzusu idi). Məhz bu naməhrəm xüsusiyyətinə görə oyun bəzi bölgələrdə kişilərdən gizlin oynanılmış, və ya onun oynanıldığı yer gizlin tutulmuş​dur. Yaxud gənclər ağsaqqal və ağbirçək​lər​dən həya etdiklə​rindən yelləncəyi onların gözündən uzaq bir yerdə qurmuş, ağsaqqal, ağbirçək gör​dükləri zaman isə oyunlarını yarımçıq kəsmişlər. Neftçala rayonunda bu oyun kişilər evdən çıxıb işə getdikdən sonra oynanılmış, axşam evə qayıtdıqları ərəfədə isə yığışdırılmışdı.

Yelləncək oyununun digər funksiyası isə tə​sərrüfat fəaliyyəti ilə bağlıdır. Yelləncək arxaik ənənədə həm də məhsuldarlığı artıran magik vasitə hesab olunmuşdur. Ona görə bu oyun bəzi bölgələrdə yaz ərəfəsində oynanılmış, orada oxunan “Yelənnilər” də təbiətə təsir etmək, məhsuldarlığı artırmaq məqsədi daşımışdır.