Mövsüm nəğmələri
Nümunənin reyestr kodu : FM0204010001
Azərbaycan mövsüm nəğmələri mərasim poeziyasının əsas qollarından biridir və bura təbiət hadisələri ilə bağlı, əkin və məhsul yığımı zamanı oxunan nəğmələr daxildir. Bu nəğmələr mərasimləri müşayiət etməklə bərabər özləri də mərasimin ayrılmaz bir parçasıdır və ondan kənarda ifa olunmur. Bu mərasimlərin əsasında sözün magik gücünə inam durur. Mərasimdə icra olunan fəaliyyət, oxunan sözlər və simvolların hər birinin arxaik təsəvvürlərdən qaynaqlanan müəyyən anlamı və mənası vardır. Məsələn, Novruz bayramında oynanan “Kosa-kosa” oyunu qışla yazın qarşılaşmasını, onların mübarizəsini rəmzi şəkildə ifadə edir. Tədiqatçıların gəldiyi qənaətə görə, kosa geyimi və görkəmi ilə qışın antropomorf, keçi isə baharın, yazın zoomorf surətidir. Mövsüm mərasimləri İslamdan qabaqkı görüş və təsəvvürləri əks etdirsə də, bir çoxları sonralar İslam dininə uyğunlaşdırılmışdı. Məsələn, yağış yağdırmaq məqsədilə keçirilən mərasimlər İslamdan əvvəlki təsəvvürlərin izini daşısa da, orada dua kimi, əsasən, Quran ayələri oxunmuşdu.
Savadlılıq artdıqca, insan təbiət qüvvələrini ram etdikcə təqvim mərasimlərinin bir qismi tədricən məişətdən çıxmış, bu mərasimlərdə oxunan nəğmələr isə mərasimlə əlaqəsini itirərək müstəqil lirik mahnılar kimi yaşadılmışdı. Bu gün uşaq oyunlarında oxunan “Əkil-bəkil” kimi bir çox nəğmələr, eləcə də xalq mahnılarının bir qismi əmək prosesi ilə bağlı yaranmış, sonradan mərasimlə bağını itirərək müstəqil nəğmələrə çevrilmişdi.
Azərbaycanda mövsüm mərasimlərinin və onların ayrılmaz hissəsi olan mövsüm nəğmələrinin formalaşması xalqın təsərrüfat fəaliyyəti ilə bağlıdır. Toplanmış folklor materialları və günümüzə gəlib çatmış mövsüm nəğmələri göstərir ki, Azərbaycanda təqvim mərasimlərinə xarakterik bütün bayramlar qeyd olunmuş və bu gün də əksər bayramlar xalq arasında keçirilir. Fəsillər içərisində qış və yaz mərasimlərlə daha zəngindir. Qışda Çillə gecələri, qışın yarı olması münasibətilə Xidır Nəbi bayramı, çərşənbələr, yaz fəslində isə Novruz bayramı, yelənnilər, “Padşah oyunu” qeyd olunur, bu mərasimlərin hər birinin özünəməxsus ritual və ayinləri olduğu kimi, orada nəğmələr də ifa olunur.
Mövsüm nəğmələrinin böyük bir qismini əkinə başlanma və yaxud məhsul yığımı zamanı ifa olunan nəğmələr təşkil edir. Əkinə başlanması Azərbaycanda, əsasən, payız və yaz aylarına təsadüf edir, məhsul yığımı isə yayın sonu və payız ayında keçirilir. Burada oxunan mətnlər ritual xarakterli olub təməlində bolluq, bərəkət anlayışı durur. İnsanlar bu mərasimlərlə həm əkinə başlanmasını, məhsul yığımını bayram etmişlər, həm də həmin ayinlər, orda ifa olunan nəğmələrlə daha çox məhsul götürmək üçün təbiətə təsir etməyə çalışmışlar. Məsələn, yazqabağı, təbiətin oyandığı ərəfədə keçirilən “Yelənni” mərasiminin (bəzi bölgələrdə “Kuf”, “Kuf dibi”, “Surmançaq” adı ilə də tanınır) əsas funksiyalarından biri məhsul bolluğunun təmin edilməsidir. Zəngilan rayonundan qeydə alınmış etnoqrafik məlumata görə, Novruz bayramında “Xan bəzəmə” oyunu keçirilər və xan seçilən şəxs zövcəsi ilə kəndin ortasında qurulmuş yelləncəkdə yelləndikdən sonra məclisə daxil olardı. İnama görə, xanın öz zövcəsi ilə yelləncəkdə yellənməsi ilin daha uğurlu keçməsini, bol məhsul götürülməsini təmin edirdi. Həmin mərasim bir çox bölgələrdə müəyyən nəğmələrlə müşayiət olunur ki, bolluq, artım bu nəğmələrin əsas mövzusunu təşkil edir.
Mövsüm nəğmələri öz adını çox vaxt bağlı olduğu sənət sahəsindən alır və xalqın əmək fəaliyyətinin bütün sahələrini – əkinçilik, maldarlıq, qoyunçuluq, dulusçuluq, sağınçılıq, ovçuluq və sair əhatə edir. Bu nəğmələr əməyə başlanması münasibətilə keçirilən mərasimin lirik hissələri olsa da, sonralar əmək prosesinin özündə də ifa olunmağa başlanmışdı.
-
Seçilmiş əsərləri, I cild
Məmmədhüseyn Təhmasib
2010
-
Yelləncək oyununun ritual əsasları
İlkin Rüstəmzadə
2016
- Biblioqrafiya və tərtibçilər