AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bicar nəğmələri

Nümunənin reyestr kodu : FM0201020001

Əkinçilik və taxılçılıq üçün çox münbit şərait olan Azərbaycanda çəltikçiliyin qədim tarixi vardır. Mil və Muğan ərazisindən, xüsusən Beyləqan şəhərinin xarabalıqlarından X əsrə aid mədəni təbəqədən çoxlu miqdarda çəltik dənləri tapılmışdı. Xeyir və şər mərasimlərində, ümumiyyətlə milli mətbəximizdə düyü xörəklərindən geniş istifadə onun Azərbaycanda əsas ərzaq məhsullarından biri olduğunu göstərir.

Çəltik əkini zamanı oxunan nəğmələrə bicar (tum səpilir, şitillər başqa yerə sıra ilə əkilir) nəğmələri deyilir. Bicar nəğmələrini çəltik şitilləri sancılıb qurtaran gün, bəzən də becərmə və biçin dövründə qadınlar oxuyurlar. Əvvəllər bu nəğmələr xüsusi rəqslərlə müşayiət olunurdu. Bicar nəğmələrinin oxunduğu mərasim çəltikçilərin ümumi şənliyini xatırladırdı. Nəğmələr sistemindən ibarət olub çəltik əkininin bütün mərhələlərini əhatə edən bicar nəğmələrini fərqləndirən xüsusiyyətlərdən biri də xorla oxunmasıdır.

Çəltikçilik təsərrüfatında iş torpağın şumlanması ilə başlayır, tumcarlarda şitil yetişdirilir, sonra bu şitillər bicar ləklərinə sancılır. Şumlama və ləklərin hazırlanmasını kişilər, şitillərin bicar ləklərinə sancılmasını, yəni əkin prosesini qadınlar həyata keçirirlər. Başqa əkinçilik sahələrindən fərqli olaraq, çəltikçiliyin özünəməxsus çətinlikləri vardır. Toxum kisələrə doldurulub suya salınır və isladılır, cücərməyə başladıqda islaqdan çıxarılıb səpinə başlanılır. Aprel-may aylarında aparılan əkin və səpin işləri su altında olan torpaqda həyata keçirilir. Belə ləklər tumcar adlanır. Toxumlar tumcarda yetişəndən bir ay sonra onlar qazılıb çıxarılır, dəstələnir və yeni əkiləcək sahəyə – ləklərə aparılır. Azərbaycanın müxtəlif bölgələrində çəltikçilər müxtəlif cür adlanır: Əkinə qulluq edən usta çəltikçiyə xırçı, zəmiçi, bicarçı deyilir.

“Əkin çəltiyi, əkin” adlı bir neçə bicar nəğməsi mövcuddur ki, burada şitillərin bicar ləklərinə əkilməsindən söhbət açılır. Bicar nəğməsini ilk dəfə B.Şahsoylu yazıya almışdı:

Ay çəltiyin iki başı,

Suluf onun yoldaşı.

Şitili bir-bir düzün,

Arada yoxdur naşı.

Əkin çəltiyi, əkin!

Çəltiyə çəpər çəkin!

Bu tipli nəğmələrin əkin zamanı oxunması şəksizdir. Biçin ərəfəsində də eyni tipli nəğmələr oxunur:

Çəltiyi biçən gəlir,

Suyunu içən gəlir.

Yar yadıma düşdü,

Quş kimi uçan gəlir.

Biçin çəltiyi, biçin,

Yığın çəltiyi çin-çin.

Bicar nəğməsi təkcə çəltik əkini ilə bağlı deyil. Nanə becərilməsi və toplanması zamanı oxunan nəğmələr də bura daxildir. Nəğmədə “bicar” sözünün işlədilməsi onun bu tipli nəğmələr sırasına daxil olduğunu aşkarlayır:

Dərin nanəni, dərin,

Sərin nanəni, sərin,

Quruyub gəlsin haya,

Dönüb getməsin zaya.

Nanə Azərbaycan məişətində ədviyyat kimi işlənir, xalq təbabətində isə dərman bitkisi kimi istifadə olunur. Çəltikçilərin dəstə ilə bicar nəğmələri adı altında müxtəlif mahnılar oxuduğunu bu təsərrüfat sahəsini öyrənən Ş.A.Quliyev də müşahidə etmişdi. B.Şahsoylu həmin fikri konkretləşdirərək yazır ki, bu mərasimlərdə çəltik əkininin bütün mərhələlərinə uyğun mahnılardan başqa, xalq mahnıları da oxunur.