AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Yallı

Nümunənin reyestr kodu : FM0401000001

Yallı – cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya kollektivin önündə gedən “yallıbaşı” rəhbərlik edir. “Yallıbaşı” əvvəldən axıradək rəqsin ümumi gedişinə, iştirakçıların nizamlı hərəkətinə, hər bir ayaq hərəkətinin bütün iştirakçılar tərəfindən eyni qaydada yerinə yetirilməsinə, rəqsin düzgün başlamasına və vaxtında sona yetməsinə nəzarət edir. Bu işdə “yallıbaşı”ya ondan sonra gələn (ikinci rəqqas) iştirakçı “müavin” və dəstənin axırında duran sonuncu iştirakçı “ayaqçı” kömək edir. Yallını oynayarkən “yallıbaşı”nın və “ayaqçı”nın əlində yaylıq olmalıdır. Onlar əllərini yuxarı qaldıraraq yaylığı yelləməklə dəstənin əvvəlinin və axırının harda olduğunu bildirirlər. Adətən yallı dəstəsinə 10-15 nəfər düzülür, toy şənliklərində isə iştirakçıların sayı 20-30, hətta 40-50 nəfərə çatır. Yallı kollektivi həm kişilərdən, həm də qadınlardan ibarət ola bilər. Çox zaman bu rəqs qarışıq ifa olunur. Oyun zamanı iştirakçılar əl-ələ verərək və ya qollarını yana geniş açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı “yallıbaşı”nın etdiyi bütün hərəkətləri onunla bərabər eyni vaxtda təkrar etməlidir. Hər hansı bir hərəkəti düzgün oynamayan iştirakçı ya cəzalanır, ya da dəstədən kənarlaşdırılır.

Bəzi yallılarda iki dəstə iştirak edir. Üz-üzə dayanmış iki yallı dəstəsi ardıcıllıqla müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir dəstənin etdiyi hərəkəti digər dəstə təkrar etməyə çalışır. Sonda hər iki dəstənin başçısı güləşir və qalib gələn başçı dəstələri birləşdirməklə onlara rəhbərlik edir.

Yallılar xoreoqrafik məzmununa görə iki qrupa bölünür: süjetli yallılar və rəqs yallıları. Süjetli yallıların xoreoqrafik quruluşu və ifa tərzi müəyyən süjeti xatırladır. Teatrlaşmış xalq oyunları olduğu üçün onlar həm də “oyun-yallı” kimi tanınır. “Qazı-qazı”, “Çöp-çöpü”, “Köçəri”, “Dırqoyu” kimi yallılar bu qrupa aiddir. Rəqs-yallıları isə müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi tərənnüm edir. Bura “Tənzərə”, “Siyaqutu”, “Dönə”, “Ürfanı” və başqaları daxildir.

Musiqi müşayiətinə görə isə yallılar a) mahnının müşayiəti ilə, b) musiqinin müşayiəti ilə ifa olunan yallılara ayrılır. Mahnı müşayiəti ilə ifa olunan yallılarda instrumental ifa yoxdur. Burada dəstənin bütün iştirakçıları hansısa bir şeiri, mətni xorla, mahnı kimi ifa etməklə yallı gedirlər. “Qaladan-qalaya”, “Tirmə-şal”, “Tello”, “Ləyli xani”, “Hoynare”, “Güleynare” və sair bu qrupa məxsus yallı nümunələridir. Bu yallılarda oxunan mahnılarda kəndlilərin əmək fəaliyyəti, onların gündəlik həyat tərzi, cəsarəti, qəhrəmanlığı tərənnüm olunur. Belə mahnıların sözləri şifahi ənənədən gələn və bədii-poetik məziyyətləri ilə seçilən qoşma və bayatılardan ibarətdir.

İkinci növ yallılar isə instrumental musiqinin ifası ilə müşayiət olunur. Belə yallıları zurnaçı və nağaraçıdan ibarət musiqi dəstəsi (ansamblı) müşayiət edir.

Yallılar Azərbaycanın Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax rayonlarında, həmçinin vaxtilə azərbaycanlıların yaşadığı İrəvan bölgəsində qədimdən bəri çox geniş yayılmışdı. Bu bölgələrdə əsasən, toylarda, el şənliklərində yaşlı insanlardan ta uşaqlara qədər hər kəs dəstə tutub yallı gediblər. Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan cizgiləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki yallı oynayan insan rəsmləri, alimlərimizin apardıqları elmi araşdırmalar yallıların tarixinin eramızdan əvvəlki minilliklərə gedib çıxdığını göstərir. Odun gücünə inanan ibtidai insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntılarını, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə və ya qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçərək günümüzədək gəlib çatmış və indi də yallılarımızın ifası zamanı istifadə olunmaqdadır.

2018-ci ilin noyabrında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında yallı rəqsi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adı altında YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdi.