AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

A yordu, yordu

Nümunənin reyestr kodu : FM0402000003

“A yordu-yordu” halay rəqs mahnısı toy mərasimlərində, şənliklərdə ifa olunan mahnılardandır. Yaşlı sakinlərin söylədiyinə görə qədim zamanlarda qızlar tərəfindən toyun sonunda ifa olunurdu və yarış xarakteri kəsb edirdi. Kim daha çox ayaqda qala bilirdisə, rəqs etməyi bacarırdısa, o da qalib hesab olunurdu. Müasir dövrdə halay kollektivlərinin repertuarında bu mahnı əsasən iki dəstəyə bölünərək ifa olunur və hər dəstənin öz solo ifaçısı olur. Bu ifaçılar öz aralarında rəqs edərək yarışırlar və onları əhatə edən kollektiv onları dövrəyə alaraq mahnı söyləyir (bu ya əl çalaraq, ya da rəqs edərək baş verir).

“A yordu, yordu” halay rəqs mahnılar 6/8 ölçüsündədir və bir perioddan ibarətdir. Burada birinci cümlə birinci dəstə tərəfindən oxunarkən tonika səsinin uzadılması oraya ikinci dəstənin cavab cümləsini əlavə edir. Bu zaman birinci və ikinci dəstə arasında əmələ gələn interval X4 həcmində özünü göstərir. Melodiyanın sıçrayışlı, qalxan və pillə-pillə enən hərəkəti diqqəti cəlb edən cəhətlərdəndir.

Mahnı şur intonasiyaları üzərində səslənir. Bu səslənmələr mi şur məqamının səssırasına uyğundur. Burada mi şur məqamının orta tetraxordu və üst kvintası öz əksini tapır.

“A yordu, yordu” halay rəqs mahnısı “A yordu, yordu, yordu, görək kim kimi yordu” halaybaşlığına əsaslanır. Bu halaybaşlığının birinci misrası söylənilən bənd misraların hər birindən sonra təkrar olunur. Mahnıda oxunan sözlərin hamısı 7 hecalı bayatı nümunələridir. Bayatının bütün misraları 3+4 şəklində birləşir.

Evləri burda yoxdur, 3+4

Sapoğu burda yoxdur. 3+4

Zəng vurun oğlan gəlsin, 3+4

Evləri burda yoxdur. 3+4

A yordu-yordu-yordu

Görək kim kimi yordu

“A yordu, yordu, yordu, görək kim kimi yordu” halaybaşlığında isə birinci misra 3+4, ikinci misra isə 2+5 şəklində birləşir. Bayatının birinci üç misrası eyni melodiya üzərində təkrarlanır. Rəqs zamanı oxunan sözlər halaybaşlığının ikinci dəstə tərəfindən təkrar melodik səslənməsi ilə sona yetir. Rəqs zamanı oxunan sözlərdə sevən şəxsin öz yarının həsrətini çəkməsindən, dərdini rəfiqələrinə açmasından, yarın başqa bir yerdə olmasından söhbət açılır.