"Nənələr" folklor ansamblı
Bu halay qrupunun əsası 1970-ci ildə Lənkəran rayonunun Separadi kəndində dörd bacı tərəfindən qoyulmuşdur. Qrup 1997-ci ilə qədər “Bacılar” adı altında fəaliyyət göstərmiş, həmin tarixdən sonra “Nənələr” folklor ansamblı adlandırılmışdır. Ansambl hazırda altı üzvdən ibarətdir: Xanımbacı Quliyeva, Xanbibi Əzimova, Gülçöhrə Məmmədova, Gülbəzək Kərimova, Şərəf Məmmədov və Qızbəs Əhədova.
“Nənələr” ansamblının başçısı onun ilk qurucularından olan Qızbəs Əhədovadır. Halay qrupunun ən yaşlısının 76, ən cavanının 52 yaşı var. Qrupun ifasında çoxu Azərbaycan və bəziləri də talış dilində olan 100-ə qədər bayatı və mahnı var. Bunlara misal olaraq “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Toyuna gəlləm, toyuna ay oğlan”, “Gəlin”, “Kinəlim-kinəlim”, “Aman ay bala ceyran”, “Maralı göndər bizə”, “Mən deyim sən yaz oğlan”, “Verin bizim gəlini”, “Xanımxanım, xanım bəylər qızı”, “Əllərə xına çəkərlər”, “Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur”, “Mən bacısız necə qalım”, “Anam ağla, qəm saxlama” mahnılarının adını çəkmək olar.