AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mərasim nəğmələri

Nümunənin reyestr kodu : FM0204000001

Mərasim mahnıları

Tarix boyu Azərbaycan xalqının əməksevər təbiətindən irəli gələn müxtəlif mərasimlər yaranmışdı. Bu mərasimlər, adət və ayinlər xalqın şifahi ədəbiyyatının müxtəlif janrlarında, eləcə də qədim mahnılarında öz ifadəsini tapmışdı. Xalqın təsərrüfat həyatı ilə əlaqədar yaranan ənənəvi mahnılar qədim nəğmələrdir.

Azərbaycan xalq mahnı yaradıcılığının qədim növlərindən biri olan mərasim nəğmələri iki qismə bölünür: 1. Təsərrüfatla bağlı yaranan mərasim nəğmələri. 2. Ailə və məişətlə bağlı yaranan mərasim nəğmələri. Keçmişdə xalqın təsərrüfat həyatı ilə bağlı kütləvi mahnı oxumaqla müşayiət olunan mövsüm mərasimləri olmuşdu. Bununla əlaqədar, əsasən günəşin çıxması, yağışın yağması, torpağa, oda, suya, küləyə etiqadla bağlı, həmçinin Novruz ərəfəsində – Çillə nəğmələri, İlaxır çərşənbəsi ilə bağlı nəğmələr yaranmışdı. Geniş yayılmış qədim mərasim nəğmələrindən biri “Günəşi dəvət” adlanır. Qədimdə xalqımız müqəddəs hesab etdiyi Günəşin qarşılanması ilə bağlı müxtəlif mərasimlər keçirmişdi. Mərasimlərə bolluq simvolu olan “Xıdır İlyas”, yazın başlanmasını vəsf edən “Səməni”, “Kos-kosa”, “Vəsfi hal” və s. də aiddir. Bu mərasimlər nəğmələrlə müşayiət olunur. Həmin nəğmələr poetik məzmununa və melodik quruluşuna görə xalq yaradıcılığının ən qədim növüdür, ifa zamanı təkrar olunan qısa və sadə melodiyalardan ibarətdir. Nəğmələrin mətni sadə bəhrli bayatılardan ibarətdir.

Azərbaycan xalq mahnı yaradıcılığının müəyyən bir hissəsini matəm mərasimlərində ifa olunan nümunələr təşkil edir. Bura yas mərasimlərində ifa olunan yuğ, yuğlama, ağılar, oxşamalar, bayatılar və s. ədəbi-musiqi formaları daxildir. Xalq arasında geniş yayılmış məişət mərasim nəğmələrindən biri olan ağılar, əsasən yeddi hecadan ibarətdir və yas mərasimlərində avazla söylənən mənzum parçalardır. Yüksək obrazlılıq və emosionallıq ağıların bədii keyfiyyətinin əsas göstəricisidir. Ağılarda musiqi-improvizasiya üslubu əsas olsa da, həm də reçitativ-deklamasiya üslubunda oxunur. Ağılar şikəstə kimi “Segah” muğamı pərdələrində improvizə olunduğu halda, bayatılar “Qatar” muğamı üstə “Rast” ladında improvizə olunur. Ağılar ölümlə, fəlakətlə bağlı olduğu üçün bu folklor nümunələrində daha çox hüzn, kədər, qəm-qüssə, iztirab əhval-ruhiyyəsi daha güclüdür.

Mərasim nəğmələrinin bir hissəsini toy mahnıları təşkil edir. Toyun hazırlıq mərhələsi – elçilik, nişandan başlamış paltarkəsdi, xınayaxdı, belbağlama, qız köçürmə, gəlin gətirmə, bəyin tərifi, gəlinin tərifi və s. mərhələləri özünəməxsus nəğmələrlə müşayiət olunur. Xalqımızın etnik təfəkküründən süzülüb gələn, əsrlər boyu yaddaşlarda qorunub saxlanan bu nəğmələrdə müxtəlif ayin və etiqadlar öz əksini tapmışdı. “Yol açın, gəlin gəlir”, “Xoş gəldin”, “Xonça mahnısı”, “Ay bəy, toyun mübarək” və s. mahnılar, eləcə də ayrı-ayrı bölgələrin toy mərasimlərində icra olunan deyişmələr, haxıştalar və s. misal göstərmək olar. Bu nəğmələrin musiqi quruluşu və ritmi sadə formada olur. Məzmun baxımından nə qədər rəngarəng olsa da, nəğmələrin sözləri bayatılardan ibarətdir. Nəğmələr, əsasən solo ifada səslənir, lakin kütləvi səhnələrdə bir neçə adamın ifası səciyyəvi xarakter daşıyır. İfa zamanı ritmik hərəkətlər nəğmənin melodiyasını, ölçüsünü müəyyən edir.

Azərbaycan xalqının bayram şənlikləri, toy və yas mərasimləri ənənəvi mahnılarla zəngin olmuş və bu mahnıların bir çoxu bu günədək xalq arasında ifa olunaraq yaşadılmaqdadır.