AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Solmaz

Solmaz Qorçu qızı Kosayeva 1955-ci il iyunun 3-də Qazax şəhərində ziyalı ailəsində anadan olub. 1961-ci ildə S.Vurğun adına Qazax pionerlər evində sazçı qızlar ansamblına üzv yazılıb. 1972-ci ildə orta məktəbi bitirib. Hələ 6-cı sinifdə oxuyarkən dərsdən kənar vaxtlarında pionerlər evində sazçı qızlar ansamblını yaradaraq həmyaşıdı olan qızlarda saza maraq oyatmağa nail olmuşdur. 1975-ci ildə Özbəkistanın paytaxtı Daşkənd səhərində keçirilən tədbirdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edərək Vətənə mükafatla dönüb.

Solmaz Kosayeva 1978-ci ildən Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblda müğənni kimi fəaliyyət göstərib. 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub və buradakı bənzərsiz ifası ilə böyük rəğbət qazanıb. 1985-ci ildə Moskvada keçirilən XII Ümumdünya festivalında 1-ci dərəcəli diploma layiq görülüb.

1986-cı ildə Nikaraqua, 1987-ci Əfqanıstan, 1988-də İsveç və Norvec, 1991-də Meksika, Kuba, İrlandiya, 1994-cü ildə Almaniya, Hollandiya və Belçikada olaraq Azərbaycan mədəniyyətini və incəsənətini layiqincə təmsil edib.

1991-1992-ci illərdə öz şəxsi vəsaiti hesabına cəbhə bölgələrində əsgərlərə humanitar yardım etməklə yanaşı, həm də konsert proqramları ilə çıxış edib.

1997-ci ildə İraqda keçirilən Beynəlxalq Babilistan Festivalı, 1998-ci ildə Türk Cümhuriyyətinin 75, Qarsın qurtuluşunun 78 illiyinə dəvət alaraq, ”Bostançı” konsert salonunda çıxışına görə qızıl medal və pul mükafatına layiq görülüb.

2000-ci ildə YUNESKO-nun xətti ilə Bakıda keçirilən “Kitabi-Dədə Qorqud – 1300” tədbirində fəal iştirakına görə Türkdilli Dövlətlərin VI zirvə toplantısına da dəvət olunub. Həmin ildə Ankarada keçirilən “Türk Dünyası – I Aşıqlar şöləni”nə dəvət alıb, çıxışı qızıl medalla mükafatlandırılıb.

2015-ci ildə anadan olmasını 60 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, 2016-cı ilin iyulunda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona ”Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

1984-cü ildən Aşıqlar Birliyinin üzvüdür. Hazırda ən yaxşı qadın aşıqlardan biri kimi tanınmaqla yanaşı, AMEA-nın Folklor İnstitutunun “İrs” folklor ansamblında aşıq-mügənni kimi də fəaliyyət göstərir. İndiyədək 4 albom və 4 kompakt diski işıq üzü görüb. 10-dan çox mahnıya musiqi bəstələyib. O, həmçinin şeir yaradıcılığı ilə də məşğul olur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı