AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Deyişmə

Nümunənin reyestr kodu : FL0202020001

Aşıq yaradıcılığında ən geniş yayılmış aşıq şeiri şəkillərindən biri deyişmədir. Adından da göründüyü kimi, deyişmə iki şəxsin qarşı-qarşıya durub şeirləşməsinə verilən addır. Deyişmə aşıqların sənətkarlıq bacarığını, istedadını, dünyagörüşünü, biliyini nümayiş etdirmək üçün ən mühüm vasitələrdən biridir. Bu yarışda çox vaxt bədahətən şeir deməyi bacaran, dərin biliyə malik ustad aşıqlar qələbə qazanmış, sonralar onların deyişmələri əsasında dastanlar, rəvayətlər formalaşmışdı. Valehlə Zərnigarın, Aşıq Ələsgərlə Bozalqanlı Aşıq Hüseynin və başqalarının deyişmələri buna misal ola bilər.

Aşıq yaradıcılığında deyişmədən aşıqlar öz rəqiblərinə qarşı tutarlı vasitə kimi istifadə etmişlər. Tədqiqatlar göstərir ki, adlı-sanlı sənətkarların heç biri başqası ilə deyişərkən onu məğlub etmək iddiasında olmamış, onların başqaları ilə deyişməsi özləri tərəfindən deyil, kiminsə məcbur etməsi nəticəsində baş vermişdi. Məsələn, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Hüseyn Bozalqanlı kimi ustad aşıqları məhz başqaları deyişməyə dəvət etmiş, nəticədə bu görkəmli sənətkarlar deyişmənin bütün mərhələlərində üstünlük qazanmış, öz rəqiblərini məğlubiyyətə uğratmışlar.

Deyişmə bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ dəvət adlanır. Bu mərhələdə adı dillərdə dastan olan bir aşığı başqa bir aşıq saz meydanına çağırır. Dəvət çox vaxt məktub vasitəsilə edilir. Məsələn, Şəmkirli Aşıq Hüseyn, Aşiq Valeh deyişməyə bu şəkildə dəvət olunmuşlar.

Deyişmənin ikinci mərhələsində aşıqlar üz-üzə gəlirlər. Bu mərhələdə aşıqlar bir-birinə psixoloji təsir göstərmək üçün özləri haqqında, aşıq ədəbiyyatına, sənət sirlərinə nə qədər bələd olmalarından, sənət aləmində əldə etdikləri uğurlardan, kimdən dərs almalarından, neçə şagird yetişdirmələrindən söhbət açırlar. El arasında hərbə-zorba adlanan bu mərhələdən sonra deyişmənin üçüncü mərhələsi gəlir. Bu mərhələdə aşıqlar şeir texnikasını nümayiş etdirirlər. İlk sözü deyən aşıq hansı rədifdə, hansı hava üstə oxusa, ikinci aşıq da o hava üstə oxumalıdır.

Dördüncü mərhələ deyişmənin kulminasiya anı hesab olunur. Aşıqlar şeir texnikasını nümayiş etdirdikdən sonra bir-birinə qalib gələ bilmirsə, növbəti mərhələyə – qıfılbəndə keçirlər. Qıfılbəndlər ya dini, fəlsəfi, astroloji görüşlər, ya da gündəlik həyat hadisələri üzərində qurulur. Məişət, insanların müşahidə etdiyi təbiət hadisələri üzərində qurulan qıfılbəndlər aşıqdan xüsusi fitri istedad, gördüyü hadisələri ümumiləşdirmək bacarığı tələb edir. Şəmkirli Aşıq Hüseynin dəyirmanla əlaqədar şeiri belə qıfılbəndlərdən biridir. Bir çox aşıqlar onu aça bilməmiş, şeir Aşıq Ələsgərə göndərilmişdi. Aşıq Ələsgər şeirin rədifini və qafiyəsini saxlamaqla onu açmağa nail olmuşdu.

Deyişmələr çox vaxt mötəbər məclislərdə, toy şənliklərində təşkil olunur və qalib gələn aşığın el içində nüfuzu daha da artırdı. Məğlub olan aşığın öz sazını qalib aşığa verməsi deyişmənin tələblərindən biridir.

Xalq poeziyasında deyişməyə bənzər şeir formalarına əvvəllər də rast gəlinib. V.Vəliyevin fikrincə, xalq arasında “dedim, dedi” qəlibində qurulan şeirlər daxili deyişmələrdir. Sənətkarlar bu qəlib vasitəsilə həm öz sözlərini, həm də nəzərdə tutduqları şəxsin fikirlərini ifadə edərək ürək sözlərini dinləyiciyə çatdırmağa çalışmışlar.

Dedim: Ay bəxtəvər, bu nə büsatdı?

Dedi: Nəzər eylə, gör, nə sifətdi.

Dedim: Çeşmim yaşı yeri islatdı,

Verrəm dəsmalımı, silisən, – dedi (Aşıq Alı).

Belə deyişmələrdə mücərrəd məfhumlar, ümumi isimlər işlədilir. Sənətkar bədii ifadə vasitəsinə çevirdiyi bu məfhumları şəxsləndirir, onların vasitəsilə öz arzusunu, qəlbindən keçən fikirləri ifadə edir. V.Vəliyevin fikrincə, xalq poeziyasında işlədilən bu deyişmələr sonradan mücərrədlikdən çıxaraq reallaşmış, onun əsasında əsl deyişmələr yaranmışdı.