Aşıq şeiri
Nümunənin reyestr kodu : FL0202000001
Aşıq yaradıcılığı Azərbaycan şifahi xalq ədəbiyyatının ən böyük və zəngin qolunu təşkil edir. Orijinallığı və təkrarolunmazlığı ilə seçilən aşıq sənəti xalqın əsrlər boyu əldə etdiyi yaradıcılıq ənənələri üzərində formalaşıb inkişaf etmişdi. Xalq ədəbiyyatının digər janrlarından fərqli olaraq aşıq şeirləri müəllifi bəlli olan nümunələrdir. Hər bir aşıq şeirinin sonunda onu yaradan müəllifin adının, təxəllüsünün verilməsi bu poeziyanı yazılı ədəbiyyata yaxınlaşdırır. Bununla belə, XV əsrin sonlarında yaşamış Qurbanidən XIX əsrdə yaşamış Ələsgərə qədər bütün klassik aşıqlarımızın şeirləri şifahi yolla yaşadılaraq günümüzə gəlib çatdığından digər xalq ədəbiyyatı nümunələri kimi ağızdan-ağıza keçərək variantlaşmış, forma və sənətkarlıq baxımdan təkmilləşdirilmişdi.
Aşıq şeirini yazılı ədəbiyyatdan fərqləndirən əsas cəhət müəyyən saz havaları əsasında yaradılmasıdır. Vəzn və qafiyə qaydalarına tabe olmaqdan daha çox ahəngə əsaslandığı üçün aşıq şeirində müəyyən bir axıcılıq vardır. Saz havaları ilə bağlılığı aşıq şeirini forma cəhətdən daha da zənginləşdirmiş, eyni zamanda daha asan əzbərlənməsinə və uzun müddət yaddaşlarda qalmasına səbəb olmuşdu.
Aşıq şeir şəkilləri heca vəzni üzərində qurulur. Tədqiqatçıların fikrincə, qafiyələnən misraların növbələşmə ənənəsinə, bəndlərdəki misraların sayına, qafiyə və təqti xüsusiyyətlərinə görə aşıq şeirində 70-dən çox forma vardır. Mürsəl Həkimovun yazdığına görə, 40 formaya XVI-XVIII əsrlərdə yazıb-yaratmış ustad aşıqların, 34 şeir formasına isə XIX-XX əsrdə yaşamış aşıqların yaradıcılığında rast gəlinir.
Aşıq şeiri forma və məzmun xüsusiyyətlərinə görə təsnif olunur. Forma xüsusiyyətlərinə görə aşıq şeirinin gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şəkilləri vardır. Məzmun xüsusiyyətlərinə görə isə aşıq şeiri ustadnamə, gözəlləmə, vücudnamə, təəssüfnamə, cahannamə, qıfılbənd və s. şəkillərə ayrılır.
Aşıq şeir şəkillərinin ən işlək növlərindən biri gəraylılardır. Xalq şeirindən aşıq ədəbiyyatına gəlmiş bu şeir şəkli burada daha da inkişaf etmiş, cığalı gəraylı, sallama gəraylı, mürvəti gəraylı, dildönməz gəraylı kimi yeni formalar qazanmışdı. Aşıq poeziyasında ilk gəraylı nümunələrinə XIII-XIV əsrlərdə yaşamış Molla Qasımın yaradıcılığında təsadüf olunur. Aşıq şeirinin ən geniş yayılmış şəkillərindən olan qoşma isə, Azad Nəbiyevin yazdığına görə, X-XI əsrlərdə xalq arasında işlək şeir şəkillərindən biri olmuş, buradan da aşıq yaradıcılığına keçmişdi. Hər bəndi dörd misradan, hər misrası on bir hecadan ibarət olan qoşmalar ustad aşıqların tez-tez müraciət etdiyi şeir şəkillərindəndir. Sənətkarlar bu şeir şəklinin imkanlarından istifadə etməklə mənəvi-əxlaqi, fəlsəfi-didaktik görüşlərini, öyüd-nəsihət və digər əxlaqi dəyərlərini onun vasitəsilə geniş yaya bilmişlər. Forma və məzmununa görə, qoşmanın ustadnamə, vücudnamə, cahannamə, təcnis və digər növləri vardır. Öz quruluşuna, poetik sisteminə görə həmin nümunələr qoşmaya məxsus bütün xüsusiyyətləri əhatə edir, fərq yalnız məzmunda nəzərə çarpır.
Aşıq sənətinin kökü orta əsrlərə – təkkə ocaqlarına bağlanır. Başlanğıcda təriqət əhli olan, təsəvvüf ideyalarını xalq içində tərənnüm və təbliğ etməklə məşğul olan aşıqlar tədricən dini-irfani məzmundan uzaqlaşmış, yeni bir mədəniyyət daşıyıcısı kimi formalaşmağa başlamışlar. Bu da onların repertuarına təsirsiz ötüşməmişdi. Ona görə də aşıq sənəti dini-irfani məzmunlu şeirlərdən tutmuş tənqidi ruhlu şeirlərə, eşq mövzusundan tutmuş təbiət təsvirinə qədər geniş bir yaradıcılıq sahəsini əhatə edir.
Azad Nəbiyevin yazdığına görə, aşıqlar öncə ənənədən gələn hazır qəliblər əsasında yazıb-yaratmış, həmin poetik zəmində də yeni yaradıcılıq üslubunu formalaşdırıb onu davam etdirmişlər. Heca vəzninə söykənən aşıq şeiri Azərbaycan lirikasında xalq dayaqlarını möhkəmlətməklə yanaşı, onu yeni ölçü və şəkillərlə zənginləşdirmişdi. Onun sayəsində xalq şeirində misralarının sayı 15-17-yə çatan yeni şeir şəkilləri yaranmışdı.
-
Azərbaycan şifahi xalq ədəbiyyatı
Paşa Əfəndiyev
1992
-
Aşıq şeirində ustadnamə və təəssüfnamələrin poetikası
Aypara Məmmədova
1998
-
Azərbaycan xalq ədəbiyyatı, II cild
Azad Nəbiyev
2006
- Biblioqrafiya və tərtibçilər