AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Ağamurad

Ağamurad Balamurad oğlu İsrafilov 1964-cü il iyunun 14-də Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olub. 1971-1979-cu ildə Mərzəndiyə kənd səkkizillik məktəbində, 1979-1981-ci ildə M.Ə.Sabir adına qəsəbə orta məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra 1981-ci ildə Əli Bayramlı (indiki Şirvan şəhəri) Sənaye Texnikumuna daxil olub.

Hələ uşaqlıqdan aşıq sənətinə böyük maraq göstərib. Şair Nadir Mərzəngəli Ağamuradın ilk sənət müəllimi olub. Aşıq Baratdan, Aşıq Şərbətdən, Aşıq Xanmusadan bu müqəddəs sənətə dair çox mətləbləri mənimsəyib. Texnikumda təhsil aldığı illərdə isə bu sənətin sirlərinə dərindən bələd olmaq üçün Aşıq Rza Qobustanlının şəyirdi olub.

Aşıq Ağamurad 1988-ci ildən elin toy-düyünündə, el şənliklərində müstəqil aşıq kimi çıxış edir. 1988-ci ildən bir çox ifaları lentə alınaraq radionun qızıl fondunda və televiziyanın fonotekasında saxlanılır. 1992-ci ildən Azərbaycan Aşıqlar Birliyinin üzvüdür. Azərbaycan Aşıqlarının 2008-ci il avqustun 29-da keçirilən V qurultayının nümayəndəsi olub. 2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin Şirvan şöbəsinin sədridir. 1993-cü ildən isə Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsində fəaliyyət göstərən “İncə tellər” aşıqlar ansamblının rəhbəridir.

Ağamurad İsrafilov Şirvan aşıq mühiti ənənələrinin layiqli davamçısı olan ustad aşıq kimi tanınır. O, 1992-ci ildə Azərbaycanın döyüş gedən bir çox bölgələrində, xüsusilə də Ağdam və Füzuli bölgələrində əsgərlər qarşısında, həmçinin beynəlxalq festivallarda çıxış edib. Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunub. 2011-ci ilin 15 sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Mə­dəniyyət və Turizm Nazirliyinin Fransanın “Maison des siltires” As­so­siasiyası ilə birgə hazırladığı "Aşıq musiqisi antologiyası" disk-albomunda Aşıq Ağamuradın ifasına da yer ayrılıb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı