Peşrovlar
Nümunənin reyestr kodu : FM0103000001
Peşrovlar lad əsasına və poetik məzmununa görə bir-birindən fərqlənən, xarakter etibarilə lirik, həzin melodik dilə, 3/4 ölçüsünə əsaslanan sabit ritmik quruluşa malik aşıq havalarıdır. Aşıq məclislərində, toy mərasimlərində, həmçinin müxtəlif oyunların müşayiəti zamanı ifa olunurlar. Pişro, peşro, pişrev və sair variantlarda adlandırılan bu aşıq havaları əsasən məclisin başlanğıcında söylənilir. Onların “giriş”, “başlanğıc”, “öndə, qabaqda gedən” anlamına gələn peşrov adlanmaları da bu havaların ifa olunduğu kontekstlə bağlıdır.
Şirvan aşıq məktəbinə məxsus olan bu havaların sayı mənbələrdə fərqli göstərilir. Musiqişünas Zülfiyyə Hüseynova peşrov havalarının sayı haqqında söylənilən fikirləri ümumiləşdirərək Şirvan aşıq mühitində 7 ənənəvi peşrovun – “Əlicadi (Əli icadı)” (“Hicazi”), “Qədim”, “Şur”, “Eyvaz”, “Çoban yaylağı”, “İbrahimi”, “Kərəm” peşrovlarının olduğunu, “Bilal”, “Əhməd” peşrovlarının isə sonradan bu mühitdə aşıq sənətinin inkişafının nəticəsində yarandığını yazır.
Peşrovlar Şirvan şikəstələri kimi müxtəlifliyə malikdirlər. “Çoban yaylağı”, “Şəmsi-Qəmər”, “Eyvaz” daha çox ifa olunan peşrov havalarıdır. Şirvan aşıq mühitində peşrov havalarını ifa etməyi bacarmayan hətta aşıq hesab olunmur.
Peşrov havaları ilk dəfə Kamilə Axundova tərəfindən nota alınmışdır. Araşdırıcı Aşıq Şamil Piriyevin ifasında 3 peşrov havasını nota alaraq təqdim etmişdir. Peşrov havalarının digər not yazısı İlqar İmamverdiyevə məxsusdur. Bu not yazısı 2011-ci ildə nəşr olunmuş “Şirvan aşıqlarının saz havaları” kitabında verilir. 34 havanın yer aldığı bu məcmuədə İlqar İmamverdiyev Şirvan aşıqlarının repertuarında yer alan havaları notlaşdıraraq musiqi ictimaiyyətinin ixtiyarına vermişdir.
Peşrovlar lad kökü və poetik xüsusiyyətinə görə adlanır. “Telli sazım”, “Şəmsi-Qəmər”, “Eyvaz” peşrovları poetik mətnin rədifinə, “Şur” və “Hicazi” peşrovları lad kökünə, “Çoban yaylağı” peşrovu təbiətlə, “İbrahimi”, “Əlicadi” peşrovu insan adları ilə, “Kərəm” peşrovu “Kərəmi” havaları ilə əlaqəli olduğuna görə adlandırılmışdır. “Eyvaz” peşrovu haqqında qeyd etmək lazımdır ki, bu peşrovun mətni “Koroğlu” dastanından götürülmüşdür. Peşrovun mətnində Koroğlunun oğulluğa götürdüyü Eyvaza müraciət ifadə olunmuşdur.
Peşrovların musiqi materialı, xarakteri bir-birinə yaxındır. Məsələn, “Telli sazım” peşrovu ilə “Çoban yaylağı” peşrovları kök baxımından müxtəlif olsalar da, melodik məzmun və xarakter baxımından yaxındırlar. Bu isə hər iki peşrovun məzmunundan doğur. Bu peşrovların poetik əsasını qoşma janrı təşkil edir.
Peşrovlar əsas etibarilə rast, şur, segah ladlarına əsaslanırlar. Burada Mahur, Şur, Şahnaz, Hicaz, Segah intonasiyaları üzərində qurulan peşrovlar vardır. Məsələn, “Çoban yaylağı” peşrovu Mahur, “Kərəm” peşrovu Segah, “Şəmsi-Qəmər” Şahnaz kökünə əsaslanır.
Peşrovların məzmunu daha çox şikayət xarakterli, həsrət və küskünlük ifadə edən mətnlərdən ibarətdir. Onların bir qismi məhəbbət mövzuludur, sevgilisinə həsrət qalan aşiqin qəmli şikayətlərini canlandırır. Məsələn, “Şəmsi-Qəmər”, “Əlicadi” peşrovları məhəbbət mövzusu üzərində qurulmuşdur.
Peşrov havaları sonralar xanəndələrin də repertuarına daxil olmuş, muğam və dəstgahlarda şöbə və guşələr arasında rəng kimi istifadə olunmuşlar.