AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Telli sazım

Nümunənin reyestr kodu : FM0103000003

Muğamla aşıq musiqisinin sintezindən yaranmış aşıq havalarından biridir.

Aşıq İslamın ifasında lentə alınmış variantda hava instrumental girişlə başlayır, lakin “Çoban yaylağı” peşrovundakı muğam girişi burada yoxdur. İnstrumental giriş peşrovun öz musiqisi üzərində qurulmuşdur. Aşığı müşayiət edən balaban, qoşa nağara və nağara sazın iştirakı ilə birgə bəhrli girişi ifa edir. İlk iki misra hər biri iki dəfə təkrar olunur və təkrar zamanı musiqi cümlələri sual-cavab formasında qurulur. İki cümlədən sonra bu parçanı balaban ara çalğı ilə ifa edir. Növbəti iki cümlə də eyni qaydada qurulur və sonda birinci instrumental intermediya səslənir. Birinci bəndin ifa forması “Çoban yaylağı” peşrovundakı kimi qurulur, lakin ikinci bənddə vəziyyət bir qədər fərqlənir. Belə ki, “Çoban yaylağı” peşrovundan fərqli olaraq burada araçalğıdan istifadə olunmur. Aşıq misraları qruplaşdıraraq təkrar edir.

Üçüncü bənd peşrovun kulminasiyasını təşkil edir, mayənin oktavasında (peşrov re bemol mayəli rast məqamına əsaslanır) səslənir. Aşıq iki misranı oxuduqdan sonra balaban həmin parçanı ifa edir. Burada ilk iki misranın təkrarı balabanın ifasından sonra baş verir. Daha sonra aşağı enmə hərəkəti ilə aşıq mayə səsinə enərək üçüncü və dördüncü misraları ifa edir və peşrovu tamamlayır.

Bir sıra hallarda aşıqlar peşrovdan sonra təsnif ifa edir. Haqqında bəhs olunan variantda da Aşıq İslam peşrovun ardınca təsnif ifa edir. Təsnifin xarakteri oynaq, şən əhvali-ruhiyyəlidir və həyati mövzuların tərənnümünə həsr olunur. Ritmik canlanma peşrovun yaratdığı sakitliyə təzad təşkil edir və sanki məclisi canlandırmağa xidmət edir.