AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İrfani

Nümunənin reyestr kodu : FM0101000003

Aşıq İrfan tərəfindən yaradıldığı ehtimal olunan klassik aşıq havalarında biridir. Aşıqlar arasında “İrfani”, “Ürfani”, “Ruhani” kimi müxtəlif adlarla tanınmışdır. Hava melodik quruluşuna görə əsasən 2/4 ölçüsü üzərində qurulub və marşvari xarakter daşıyır. “İrfani” havası sazın “orta pərdə kökü”ndə ifa olunub ki, bu xüsusiyyət havanın bütün ifalarında qorunub saxlanılıb. Bununla belə, havanın müxtəlif aşıqların ifasından qeydə alınmış not yazılarını təhlil etdikdə müəyyən metrik dəyişkənliklərin olduğu müşahidə olunur. Bu xüsusda Hafiz Kərimov yazır: “... variantlar arasında müəyyən özəlliklər müşahidə edilməkdədir. Fərqli cәhәtlәrdәn biri variantların ayrı-ayrı tonallıqda ifa edilmәsidir. Əgər sazın I qrup alt simlәri İlqar İmamverdiyevin nota köçürdüyü ifada vә “Tütәksәsi” filmindәki “Ürfani” havasında birinci oktavanın “do” səsinə uyğun gəlirsə, Kamandar Əfәndiyevin vә Hüseyn Saraclının ifa etdiyi “Ürfani”dә kiçik oktavanın “si”, İsgәndәr Ağbabalının ifa etdiyi “Ürfani”dә isә kiçik oktavanın “lya” sәsinә uyğun gәlir. Hәr bir ifaçı I qrup alt simlәri öz zövqünә vә sәs imkanlarına görә nizamladığından “Ürfani” havasının sәslәnmә etibarilә fərqlənən müxtəlif variantları ortaya çıxır.”

İfa tərzindən asılı olaraq havanın iki variantı mövcuddur: “Köhnə İrfani” və “Yeni İrfani”. “İrfani”nin ifasında müşahidə olunan bu variantlaşma keçən əsrin 60-cı illərdə Azərbaycan aşıq sənətindən gedən proseslərlə bağlıdır. Belə ki, 1960-cı illərdə ustad sənətkarlar saz havalarını cilalamağa, ritmikləşdirməyə daha çox təşəbbüs göstərirdilər. Bu prosesin öndə gedənlərindən biri də Ədalət Nəsibov idi. O, ləng, ağır hava olan “İrfani”yə ritmiklik gətirir. İlqar İmamverdiyev bu xüsusda yazır: “Aşıq İslam Yusifovun sazda çaldığı “Ruhani” aşıq havası ilə Aşıq Ədalət Nəsibovun sazda ifa etdiyi “Ruhani” temp, sürət baxımından eyni havanın variantlarıdır. Aşıq İslam bu havanı ağır, salğarlı, ləngərli, adante tempində ifa etdiyi halda, aşıq Ədalət Nəsibov eyni havanı özünün əhval-ruhiyyəsinə, ovqatına münasib orta bir surətdə, moderato tempində çalmışdır”. Beləliklə, “İrfani” əvvəl ağır-ağır çalınmış hava olmuş, sonralar ona müəyyən ritmiklik gətirilmiş, nəticədə havanın yeni variantı formalaşmışdır. Bundan sonra gənc saz ifaçıları onu bu tərzə – ritmik şəkildə çalmağa başlamışlar. Cənubi Azərbaycan aşıqlarının repertuarında isə bu hava bu gün də köhnə şəklində – ləng və ağır tempdə ifa olunur.

“İrfani” saz havası ilə “Ürfani” rəqs havası arasında müəyyən bənzərliklər müşahidə olunur. Həmin bənzərliyə dayanaraq tədqiqatçılar “Ürfani” rəqs havasının həmin hava üzərində təşəkkül tapdığını iddia edirlər. Bunu “İrfani” havasının melodik strukturunda rəqs elementlərinin olması da sübut edir. Təsadüfi deyil ki, Azərbaycanın qərb bölgəsində yaşlı kişilər “İrfani” aşıq havasının sədaları altında onun tempinə uyğun ağır-ağır rəqs etmişlər.

“İrfani” havasının 18-19-ci yüzillərdə yaşamış Aşıq İrfan tərəfindən yaradıldığı ehtimal edilir. Əsl adı Süleyman olan Aşıq İrfan 18-ci yüzilliyin ortalarında Çıldır әyalәtinin Qunduzxev kəndində doğulmuşdur. Yeniyetmә çağlarından mәdrәsә tәhsili alsa da, sonralar aşıq yaradıcılığına maraq göstәrərək onu dərindən öyrənmişdir. Tәsәvvüf әhli olduğundan İrfani tәxәllüsü götürmüş, bu təxəllüslə yazıb-yaratmış, saz havaları qoşmuşdur. Aşığın iki dastan-rәvayәti vә 40-a yaxın şeiri məlumdur. Şeirlәri onun geniş dünyagörüşlü, islam fәlsәfәsini vә tәsәvvüfü dәrindәn bilәn, musiqi duyumlu bir sәnәtkar olduğunu göstәrir. Yaratdığı musiqi vә şeirlәrlә çağdaşı olan, özündәn sonra yaşayan aşıqlara güclü tәsir göstәrmişdir.