AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Altay

Məmmədov Altay Ələddin oğlu 1972-ci il martın 7-də Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşdur. 1989-cu ildə Düzrəsullu kənd orta məktəbini bitirmişdir. Hərbi xidməti başa vuraraq 1992-ci ildə Gədəbəy rayonunun Çayrəsullu kənd musiqi məktəbində müəllim kimi fəaliyyətə başlamışdır.
 
1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Bədii xalq yaradıcılığı” fakültəsinə qəbul olunmuş, 1998-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2000-ci illərdə teatrşünaslıq ixtisası üzrə magistr dərəcəsi almışdır.
 
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda çalışır.
 
Bu illər ərzində aşıq sənətinin gənc və yetkin bir nümayəndəsi kimi Dövlət Televiziya və Radio dalğalarında ardıcıl olaraq çıxışlar etmiş, dəfələrlə dövlət tədbirlərinə, bayram şənliklərinə dəvət olunmuşdur. Aşıq Altayın ifasında Dövlət Televiziyası və Radiosunun Səsyazma arxivində 30-dan çox aşıq havası saxlanılır. Bir necə sənədli televiziya filmində çəkilmişdir. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə əlaqədar 2009-cu ilin mart və may aylarında Fransaya dəvət almış, Luvr muzeyində və digər mötəbər tədbirlərdə uğurlu çıxışlar etmişdir. Dünyanın 20-dən çox xarici ölkəsində aşıq sənətini təmsil etmişdir. Yaradıcı aşıqdır. İndiyə qədər aşıq şeirinin müxtəlif formalarında 500-dən çox şeir nümunələri, bir qəhrəmanlıq, bir məhəbbət dastanı yaratmışdır ki, bunların bir qismi muxtəlif qəzet, jurnal və kitablarda çap olunmuş, tele-radio verlişlərində səsləndirilmişdir.
 
Altay Ələddin oğlu Məmmədov 2001-ci ildən ADMİU-da müəllim kimi fəaliyyətə başlamışdır. Bir monoqrafiyanın, 20-dən çox elmi məqalənin müəllifi, aşıq sənəti üzrə bir dərsliyin və bir necə proqramın həmmüəllifidir. Hazırda ADMİU-nun “Aşıq sənəti” kafedrasının baş müəllimi, Azərbaycan Aşiqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktorudur. Ailəlidir, dörd övladı var.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı