AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Baş sarıtel

Nümunənin reyestr kodu : FM0101000004

“Baş sarıtel” havası vokal-instrumental şəkildə ifa olunan, lirik xarakterli və asta templi aşıq havalarına aiddir. Bu hava xüsusilə Qərb zonasının aşıqları tərəfindən ifa olunur. Segah intonasiyalarının üstünlük təşkil etməsi ilk xanələrdən eşidilir. Sazın ifasında instrumental girişlə başlanan havanın vokal partiyasında ladın əsas pərdələri ətrafında gəzişməklə yaranan melodiyanın kadansları mayə və əsas ton üstündə qurulur. Havanın tempi asta olsa da, müxtəlif ifalarda tempdə dəyişkənlik müşahidə olunur. Məsələn, Borçalı aşıq məktəbinin ustadlarından biri Aşıq Hüseyn Saraclının ifasında bir qədər tez tempdə ifa olunan hava, Gədəbəy-Tovuz aşıqlarının ifasında daha asta tempdə, həzin xarakterdə təqdim olunur.

“Baş sarıtel” havası baş kökdə ifa olunur və poetik əsası gəraylı janrındadır. Ən məşhur ifaçılarından biri Gədəbəy aşığı Səyyad Pənahov hesab olunur.