AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Təcnis

Nümunənin reyestr kodu : FL0202100001

İlk dəfə qədim Şərq xalqlarında, o cümlədən Azərbaycan türklərinin poeziyasında yayılıb inkişaf etmiş təcnis sonradan başqa xalqların ədəbiyyatına da öz təsirini göstərmişdi. Təcnislər yazılış və ya deyilişcə eyni, amma mənaca müxtəlif sözlər – cinas qafiyələr əsasında qurulur. O, bir şeir şəkli və ya şeir janrı deyil, qafiyə biçiminin bir növüdür. Cinaslar şeirin qafiyə quruluşunu tamamlayan, ona forma və məzmun əlvanlığı gətirən, beyt və bəndləri incə çalarlarla zənginləşdirən poetik komponentdir. Belə qafiyələr həm klassik poeziyamızın şeir şəkillərində, həm də xalq şeirində özünü göstərsə də, bu poetik fiqurdan, əsasən, bayatı və qoşmalarda istifadə olunur. Başqa janrlarda təcnisə təsadüfən, az-az rast gəlinirsə, bayatı və qoşmalarda tamam başqa vəziyyətlə qarşılaşırıq. Cinas qafiyələr əsasında qurulan şeirlər bu janrların ən gözəl nümunələri hesab olunur.

Təcnis aşıqların ustalıq və şairlik məharətinin əsl meyarı hesab olunur. Təcnis yaradan aşıq dilin xüsusiyyətlərini incəliyinə qəbər bilmək, ondan məharətlə istifadə etmək qabiliyyətinə sahib olmalıdır. Təcnis yaratmaq sənətkardan böyük istedad, bacarıq tələb etdiyi üçün bu daşın altına hər aşıq deyil, yalnız görkəmli improvizatorlar, geniş dünyagörüşə, zəngin söz ehtiyatına malik sənətkarlar əlini qoymuşdu. Aşıq poeziyasında təcnis XVI əsr sənətkarlarından Qurbaninin, daha sonra Abbas Tufarqanlının (XVII əsr) və Xəstə Qasımın yaradıcı​lığında yüksək zirvəyə qalxmışdı. Bu poetik fiqurdan, əsasən, şifahi xalq ədəbiyyatında istifadə olunsa da, sonralar xalq üslubunda yazan şairlərimiz – Molla Pənah Vaqif, Nəbati, Qasım bəy Zakir, Məlikballı Qurban və digərləri də bu formaya müraciət etmişlər.

Folklorşünas Elxan Məmmədli cinasların xüsusiyyətindən çıxış edərək təcnisin dörd nö​vünü müəyyənləşdirir: 1. Sadə və ya tam cinas üzərində qurulan; 2. Mürəkkəb cinaslar üzərində qurulan; 3. Düzəltmə cinaslar üzərində qurulan; 4. Naqis cinaslar üzərində qurulan. Folklor dərsliklərində isə təcnisin aşağıdakı formaları qeyd olunur: Qara təcnis, ayaqlı təcnis, cığalı təcnis, nəfəsçəkmə təcnis, dodaqdəyməz təcnis, hərf üstə təcnis və s.

Təcnis yaradıcılığı təkcə bir xalqın ədəbiyyatı ilə məhdudlaşmır. Bir çox xalqlar bu poetik fiqurdan ədəbi dəb kimi istifadə etmiş, ona görə təcnis onların ədəbiyyatında bir hadisəyə çevrilməmiş, çox keçmədən sönüb aradan çıxmışdı. Amma Azərbaycan folklorunda, xalq deyimlərində, atalar sözlərində, tuyuq və rübailərdə, bayatılarda cinas qafiyələrdən uzun illər istifadə edilir. Bu gün Azərbaycan şifahi şeirində və yazılı poeziyasında dönə-dönə rast gəldiyimiz təcnislər xalq danışıq dilinin geniş imkanlarını nümayiş etdirməklə yanaşı, həm də təcnisləri yaradanların xalq dilinə yaxından bələd olmasından, bədii sözə həssas münasibətindən xəbər verir.

Vaqif Vəliyevin yazdığına görə, türk xalqlarının heç birində təcnis Azərbaycanda olduğu kimi həm kəmiyyət, həm də keyfiyyət cəhətdən zəngin deyil. Digər türk xalqlarında cinas qafiyəli şeirlər olsa da, təcnisin çalarları olduqca azdır. Türkiyə türklərinin şifahi poeziyasında təcnisin ilk nümunəsinə Aşıq Şenliyin yaradıcılığında təsadüf olunur ki, o da Azərbaycan aşıqlarının təsiri ilə yaratmışdı.

Cinas qafiyəli şeirlər dilimizdə omonimiya hadisəsindən güc alır. Azərbaycan dilinin zəngin daxili imkanları, leksik-üslub potensialı təcnis poetik fiqurunun yaranması üçün əvəzsizdir. Dilimizin imkanlarına hərtərəfli bələd olub şifahi və yazılı ədəbiyya​tı​mı​zı mükəmməl bilən ustad sənətkarlarımız həmin cinas qafiyələri poeziyaya gətirmiş və parlaq poetik nümunələr yaratmışlar.

Təcnisin aşıq-şairlərin yaradıcılığında neçənci əsrdən yaranmasına dair sabit bir fikir yoxdur. Lakin cinasların ən çox istifadə olunduğu janrlardan birinin bayatı olması təcnislərin həmin janrın özü qədər qədim və tarixi bir yol keçdiyini göstərir. Ona görə də Azərbaycan poeziyasında təcnisin ilk nümunələrini bayatılarda axtarmaq lazımdır. İstər aşıq poeziyasında, istərsə də yazılı ədəbiyyatda dönə-dönə müşahidə etdiyimiz təcnislər öz mənbəyini bayatılardan götürmüşdü.