Təsnif
Nümunənin reyestr kodu : FL0202100002
Azərbaycan aşıq şeirinin digər şəkilləri kimi bərabər hecalı və sabit qafiyə sisteminə malik olan təsniflər ədəbiyyatşünaslıqda ən az öyrənilmiş şeir şəkillərindən biridir. Sadə, aydın bir dilə sahib olan təsniflərdə hər misra 5 hecadan ibarət olur. Təsniflər, adətən, 3, 4, 5, 6 misralı olur, bəndlərin sayında isə məhdudiyyət yoxdur. XIII-XIV əsrlərdə yaşamış Yunis Əmrənin yaradıcılığında təsniflərin olması bu şeir şəklinin qədimliyindən xəbər verir.
Forma və məzmun xüsusiyətləri nəzərə alınmaqla təsniflərin saya, nəqəratlı və mürvəti formaları vardır. Nəqəratlı təsniflərdə şeirin ilk üç misrası həmqafiyə olur, son iki misra isə eyni misranın təkrarı üzərində qurulur. İfa zamanı da şeirin üç misrası əsas aşıq tərəfindən “Təsnif” üzərində oxunur, son iki misrada isə əsas aşıqla yanaşı, tərəf-müqabil aşıq tərəfindən nəqərat üstündə ayaq verilir. Mürvəti təsniflər aşıq ədəbiyyatında həm də “Təkərləmə təsnif” kimi tanınır. Şeirin birinci misrası 6, ikinci misrası 5 hecalıdır, qafiyə sistemi isə klassik yazılı ədəbiyyat nümunələri kimidir. Aşıq Bəstinin “İnanmır” rədifli şeiri mürvəti təsnifin ən gözəl nümunəsi hesab olunur:
Bir qəmli bülbüləm,
Güllər inanmır.
Məcnunsuz Leyliyəm,
Çöllər inanmır.
Göz yaşım sel olur,
Göllər inanmır.
Bir qərib yolçuyam,
Yollar inanmır.
Deyirəm həsrətəm,
Qollar inanmır.
Sözüm dastan olub,
Tellər inanmır.
Aşıq Bəsti mənəm,
Ellər inanmır.
Sinnim doxsan olub,
İllər inanmır.
Təsnif nümunələrinə ən çox Ağ Aşıq, Aşıq Alı, Hüseyn Şəmkirli, Varxiyanlı Aşıq Məhəmməd, Molla Cümə, Aşıq Bəsti, Şair Vəli kimi görkəmli saz aşıqlarının yaradıcılığında rast gəlinir. Yunis Əmrənin yaradıcılığında da bu şeir şəklinə dair nümunələr kifayət qədərdir. Molla Cümənin “Sən bizə gəlsən” rədifli şeiri aşıqların toylarda, şənliklərdə ən çox müraciət etdikləri təsniflərdən biridir:
Dostluğun billəm,
Sən bizə gəlsən.
Dərdindən ölləm,
Sən bizə gəlsən.
Ağlayıb gülləm,
Göz yaşım silləm,
Qurban kəsilləm,
Sən bizə gəlsən.
Təsniflərin son bəndində aşıqlar, bir qayda olaraq, öz təxəllüslərini işlədirlər.
Aşıq poeziyasının təsiri ilə təsnif şeir şəkli yazılı ədəbiyyata da keçmiş, xalq şairi Səməd Vurğunun əsərlərində bu formadan istifadə etməsi buradan qaynaqlanır.