Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evi
Kəlbəcər rayonunda vaxtilə 42 kənd mədəniyyət evi, 40 kənd klubu fəaliyyət göstərib. 1973-cü ildə Aşıq Şəmşirin 80-illik yubileyi münasibəti ilə mədəniyyət evinə Aşıq Şəmşir adı verilib. Mədəniyyət evində 2 xalq kollektivi, "Aşıqlar" xalq ansamblı, "Kilimarası" və "Maraloyunu" folklor kollektivləri, eləcə də "Dəlidağ" xalq çalğı alətləri ansamblı, "Tərtər" vokal instrumental ansamblı, rəqs ansamblı, "Uşaq aşıqlar" ansamblı, "Zurnaçılar" ansamblı, "Bədii qiraətçi"lər qrupu, "Dəlidağın ədəbi nəğməsi" ədəbi birliyi fəaliyyət göstərib. Ümumilikdə, mədəniyyət evində kollektiv üzvlərinin sayı 1993-cü ilə kimi 250 nəfər olmuşdur. Mədəniyyət evi müasir tələblərə cavab verən 450 yerlik böyük zal, 250 nəfərlik konfrans zalı, 2 geyim otağı (qrimlə bir yerdə), 2 istirahət otağı, 1 bədii rəhbər otağı, metodiki kabinə üçün 2 otaq, katib otağı, səhnə arxasında qrim otaqları, kinofilm göstərmək üçün 2 otaq, geniş dəhliz və foyelərdən ibarət binada fəaliyyət göstərmişdir.
Kəlbəcər rayonu işğal olunduqdan sonra rayonun mədəniyyət müəssisələri respublikanın müxtəlif bölgələrində fəaliyyətlərini davam etdirirlər. Hazırda 42 kənd mədəniyyət evinin 6-sı fəaliyyət göstərir. 36 kənd mədəniyyət evinin və 40 kənd klubunun fəaliyyəti dondurulmuşdur.