AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Oyun-tamaşa

Nümunənin reyestr kodu : FO0000000001

Oyun və meydan tamaşaları məxsus olduğu xalqın həyatının müxtəlif inkişaf mərhələlərini, yaşam tərzini, dünyagörüşünü, etiqadını və inancını əks etdirir.

Azərbaycanda oynanan oyun və meydan tamaşalarının əksəriyyətinə müəyyən fərqlərlə Türkiyədə, Orta Asiyada, hətta Altayda və Sibirdə rast gəlmək mümkündür. Bu oyunlarda məzmun, kompozisiya və ad baxımından müəyyən fərqlilik özünü göstərsə də, bu, eyni köklü xalqların coğrafi, dini və mədəni müxtəlifliyindən doğan fərqlilikdən başqa bir şey deyildir.

Azərbaycanda oynanan oyunların böyük əksəriyyəti ümummilli səciyyə kəsb edir və respublikanın bütün bölgələrinə xasdır. Bununla belə, oyunların məzmununda, quruluşunda, adlandırılmasında variantlılıq müşahidə olunur. Məsələn, “Dirədöymə” oyunu bölgələrdə “Cızığagirmə”, “Qayışgötürdü”, “Yelləncək” oyunu “Kuf”, “Surmaçaq”/“Sulançaq”, “Uçuncaq” və s. adlarla tanınır. “Çilingağac” oyununun bölgədən-bölgəyə məzmununda, vuruşların sayında, adlanmasında isə variantlılıq müşahidə olunur.

Azərbaycan xalq oyunlarının yaş qrupuna görə təsnifatını aparmalı olsaq, həm uşaq, həm də böyüklərin oynadığı, həmçinin qarışıq oynanan oyun növlərinin olduğunu qeyd etmək lazımdır. Oynanma tərzinə görə isə oyunlar oturaq və ya ayaq üstdə, atlı şəklində oynanmışdı. Qadın oyunlarının əksəriyyəti oturaq və masa arxasında oynanan, güc, çeviklik, bacarıq nümayiş etdirən, yarış tipli oyunlar isə ayaq üstə oynanan hərəkətli oyunlardır.

Azərbaycanda oynanan qədim oyunların bir qismi vaxtilə müəyyən mərasimlərin tərkib hissəsi olmuş, sonralar mərasim bağını itirərək, müstəqil inkişaf yoluna qədəm qoymuşdu. Həmçinin, həmin oyunlar mərasimə xas sinkretikliyi – teatr, rəqs, musiqi, oyun elementlərini özündə birləşdirməsi, insan həyatında və təbiətdəki keçid dövrləri ilə bağlı olması kimi mərasim xüsusiyyətlərini qoruyub saxlamışdı. Sadalanan bu cəhətləri “Padşah”, “Kuf” oyununda, Kukla tamaşalarında və s. müşahidə etmək mümkündür.

Azərbaycan oyunlarının ən əvəzolunmaz ünsürlərindən biri də oyuncaqlardır. Qədim oyuncaqlar, əsasən, gildən, ağacdan, sümükdən, daha sonralar isə metaldan və parçalardan hazırlanmışdı. Taxta və ya gildən, qamışdan, teldən düzəldilən kiçik arabalar, qoşqu alətləri, at və heyvan fiqurlarına, gəlinciklərə keçən əsrin ortalarınadək əyalət bazarlarında rast gəlmək mümkün idi. Uşaq dünyasının ayrılmaz parçası olan bu oyuncaqlar həm də cəmiyyətin, xalqın mədəni inkişafını, bölgənin regional xüsusiyyətlərini özündə əks etdirirdi. Xaricdən gətirilən oyuncaqlar həmin oyuncaqların tədricən məişətdən çıxmasına səbəb olmuşdu.

Xalq tamaşaları da əsrlər boyu Azərbaycan xalqının həyatında əhəmiyyətli rol oynamış, bayram mədəniyyətinin ayrılmaz parçası olmuşdu. Mərasimlərlə bağlı olduğu üçün xalq tamaşaları ilin müəyyən günlərində, müəyyən mərasimlərin tərkibində oynanmışdı. Məsələn, “Kosa-kosa”, “Xan bəzəmə” oyunları Novruz bayramında, Şəbih tamaşaları Məhərrəmlik ayında oynanmışdı.

Kənd yerlərin​də, qəsəbə və şəhərlərdə göstərilən bu tamaşalar açıq havada, tamaşaçılarla əhatə olunmuş dairəvi meydanın ortasında oynanmışdı. Bu tamaşaların bəlli bir mətni yox idi, mətn zamana və yerə görə şəkillənirdi. Bir pərdədən ibarət olan bu tamaşalar az sayda oyunçu ilə oynanırdı. Bu tamaşaların aktyorları professional şəxslər deyil, nəsildən-nəslə, atadan-babaya ötürülərək gələn ənənəyə bələd insanlar idi. Onların böyük əksəriyyəti xalq teatr ənənəsini yaxşı bilən ailələrdə yetişmişdilər və onların bir çoxu sonralar professional səhnədə də böyük uğurlar qazanmışlar. Xalq tamaşalarının böyük əksəriyyəti məzhəkə üzərində qurulduğuna görə, yumoristik məzmun onlarda aparıcı rol oynamışdı.

Xalq tamaşaları professionallıqdan uzaq olsa da, Azərbaycanda müasir teatr ənənəsinin formalaşmasında və inkişafında mühüm rol oynamışdı.