Tovuz rayon Xalq Teatrı
Tovuz Xalq Teatrı 1972-ci il aprelin 6-da Firuddin Aşırovun “Mənim gözəlim” əsəri ilə fəaliyyətə başlamışdır. Yarandığı gündən teatrda klassiklərdən Əbdürrəhim bəy Haqverdiyevin “Bəsri Cahan”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, “Aydın”, “Göz yaşı içində gülüş”, “Almaz”, “Sevil”, Mirzə Fətəli Axundovun “Hacı Qara”, Nəcəf bəy Vəzirovun “Ağa Kərim Ərdəbili”, müasir dramaturqlardan Salman Əliyevin “Aşıq Ələsgər”, İbrahim İbrahimovun “Qacaq Tanrıverdi”, Hidayət Orucovun “Məhəbbət yaşayır hələ”, Mirzəağa Atəşin “Qaynananın kələyi”, Süleyman Sani Axundovun “Namus”, Mirzə İbrahimovun “Həyat” pyesləri, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, “Çimnaz xanım yuxudadır”, Səməd Vurğunun “Vaqif” və digər əsərləri səhnələşdirilmişdir.
Teatr 1978-ci ildə Bakıda keçirilən “Teatr-78” festivalında Nəcəf bəy Vəzirovun “Ağa Kərim Ərdəbili” əsərinə görə II yerə layiq görülmüşdür. 1979-cu ildə Mingəçevirdə keçirilən festivalda Mirzə İbrahimovun “Həyat”, 1980-ci ildə Şamaxıda keçirilən festivalda Salman Əliyevin “Aşıq Ələsgər” pyesləri ilə teatr 1-ci yerə layiq görülmüşdür. Xalq teatrının kollektivi Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Şəmkir, Qazax və başqa şəhər və rayonlarda, Gürcüstanın azərbaycanlı soydaşlarımız yaşayan rayonlarında geniş repertuarla çıxış etmişdir.