AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Maral oyunu

Nümunənin reyestr kodu : FO0203000002

“Maral oyunu” maralı təmsil edən bir oyunçunun zurnanın müşayiəti ilə heyvanın hərəkətlərini yamsılamasıdan ibarət kukla oyunudur. Keçmiş toylarda gəlin bəy evinə gətirilən zaman oynanılmışdı. Gəlini atdan düşürdükdən sonra camaat qövsvari şəkildə düzülərdi. Bir tərəfdə gəlin üzündə örpək, digər tərəfdə isə bəy yanında sağdişi, soldişi ilə durardı. Gəlinin qarşısında əvvəl “Maral oyunu” oynanar, sonra “Kilimarası göstərilərdi. Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı. Müasir dövrümüzdə bu ənənə bəzi bölgələrimizdə yenə də davam etdirilir. Elçin Aslanovun yazdığına görə, Azərbaycanın şimal-qərb rayonları üçün xarakterik olan bu oyun “keyik oyunu” və ya “dəvə oyunu” kimi də tanınmışdır (Aslanov, 134).

“Maral oyunu” nakam sevgi motivi üzərində qurulmuşdur. Əfsanələrdən tutmuş dastanlara qədər fərqli janrlarda rast gəlinən bu motivdə iki gəncin məhəbbətindən, lakin sosial, dini fərqlər üzündən bir-birinə qovuşa bilməmələrindən bəhs olunur. Oyunun yaranması haqqında Kəlbəcər rayonundan qeydə alınmış əfsanədə də bir-birini sevən iki gəncin fərqli sosial zümrələrə mənsub olmaları onların qovuşmasına əngəl olur. Həmin əfsanəyə görə, bir bəyin Sazaq adlı çobanı olur. Bəyin qızı ilə çoban bir-birini sevirlər. Bir gün çoban meşədən tələyə düşmüş anasının yanında mələyən maral balası tapır. Onu evə gətirib qoyun südü ilə bəsləyir, bir az böyüdükdən sonra onu sevgilisinə bağışlayır. Qız maralı əli ilə yedirir, ona oynamağı öyrə​dir. Maralı o qədər özünə alışdırır ki, toya gedəndə də maral onun arxasınca toya gedir, oynayanda da maral onunla oynayır. Qız bulaq başına gedəndə çoban tütəkdə “Sazağı” havası çalır​, qız da, maral da həmin havaya oynayır. Valideynləri qızı istəmədiyi bir şəxsə zorla ərə verirlər. Oğlan evinin adamları gəlini aparmağa gələndə qız özünü öldürür, onun ölümü eşidən çoban da özünü ağacdan asıb öldürür. Camaat onların hər ikisini bir-birinin yanında dəfn edir. Bu hadisədən sonra maral bir axşam yoxa çıxır, səhər uşaqlar çölə heyvan aparanda maralı qızla çobanın qəbri arasında ölmüş halda tapırlar. Toyda bəylə-gəlinin önündə oynanılan “Maral oyunu” da bəy qızı ilə çobanın bir-birinə olan saf sevgisini simvolizə edir.

“Maral” oyununu oynayan şəxsin üstünə saldığı örtük gəlin gərdəyinin rəmzidir və gərdəyin rənginə uyğun olaraq qırmızı rəngdədir. Oyunun qısa təsviri belədir: bir nəfər oraqdan maral başının fiqurunu düzəldir, qaşıqdan ona buynuz qoyur, üzərinə qırmızı parça atır. Maral obrazını ifa edən şəxs orağı sağ əlində tutur, həmin əlini bir az yuxarı qaldırıb qabağa uzadır və maralın baş hissəsini “yaradır”. Özünü parçanın içərisində gizlədən həmin şəxs dizləri üstə duraraq maral oyununu icra edir. Maral “cildi”nə girmiş oyunçu əvvəlcə “başı”nı irəli-geri uzadaraq müxtəlif baş hərəkətləri edir, sonra qara zurna və nağaradan ibarət instrumental musiqinin sədaları altında oturaq vəziyyətdə qabağa hərəkət edərək həzin-həzin “rəqs edir”. Həzin musiqi sədaları altında icra olunan “maralın rəqsi” sonradan sürətli oyun havası ilə əvəz olunur. Bu vaxt maral obrazını ifa edən şəxs roldan çıxır və iti ritmik hərəkətlərlə rəqsini davam etdirir. Yekunda maral rolunu oynayan şəxs üstünə saldığı örtüyü ortaya qoyur, oyunu seyr edən tamaşaçılar onun üstünə öz nəmərlərini atırlar.

Maral oyununun yaranma tarixi bəlli deyil, amma ifa etdiyi məzmuna görə tarixinin daha qədimlərə getdiyi danılmazdır. Qəzənfər Rəcəbli XIX əsrin birinci yarısında Azərbaycanda ən geniş yayılmış oyunlar arasında “Maral oyunu”nun da olduğunu qeyd edir (Rəcəbli). Vaxtilə Azərbaycanın müxtəlif bölgələrində oynanılan bu oyun hazırda işğal altında olan Kəlbəcər rayonunda yaşadılır, toylarda, şənliklərdə, əlamətdar günlərdə bu gün də oynanmaqdadır. Həmin oyunun daşıyıcılarından biri Kəlbəcər rayonu Ağcakənd kəndinin sakini Süleyman Süleymanovdur. S.Süleymanov bu oyunu atası Mehralı kişidən öyrənib. Mehralı kişi “Maral oyunu”nun məşhur ifaçılarından biri idi və 1976-cı ildə Kəlbəcər haqqında çəkilmiş sənədli filmdə onun ifasında “Maral” və “Kilimarası” oyunlarından fraqmentlər verilmişdir. Süleyman kişi atasından öyrəndiyi bu oyunu oğluna, yetirmələrinə öyrətməklə onun yaşamasında, günümüzə gəlib çatmasında mühüm rol oynamışdır.