Oyuq (kukla) tamaşaları
Nümunənin reyestr kodu : FO0203000001
İctimai-məişət mövzuları üzərində qurulan Azərbaycan kukla tamaşaları əlamətdar günlərdə, xüsusilə şənliklərdə, toylarda nümayiş olunur. Kukla tamaşaları dedikdə, el arasında “bəbək”, “oyuq” və “ipdə oyuq” adı ilə tanınan və kuklaların iştirakı ilə göstərilən tamaşalar nəzərdə tutulur. Azərbaycanda oynanan belə oyunlara “Maral oyunu”, “Tapdıq çoban”, “Şah Səlim”, “Keçəl pəhləvan” və s. tamaşalar daxildir. Bu oyunlar vaxtilə Azərbaycanın müxtəlif bölgələrində, əsasən Göyçə, Dərələyəz, Kəlbəcər və Qubadlıda daha çox oynanırdı. Hazırda həmin ərazilər Ermənistanın işğalı altındadır və oradan qovulmuş insanlar ölkəmizin, demək olar ki, hər bir yerində yaşayır və bu tamaşaları qismən də olsa, təşkil edirlər. Bəzi belə oyunların zurna və dəfin müşayiətilə oynanması onların qədimliyindən xəbər verir. Bu tamaşaları nümayiş etdirən şəxslər isə xalq teatr ənənələrinə yaxşı bələd olan bir nəsildə yetişən xüsusi hazırlıqlı şəxslərdir. Keçmişdə kukla tamaşaları həm də belə insanların keçim qaynağı idi, tamaşadan yığılan pulla onlar dolanışıqlarını təmin edirdilər.
Kukla oyunları xalq tamaşalarında əlvan bədii tərtibatdan istifadənin yeni-yeni prinsiplərini, ölçülərini, forma xüsusiyyətlərini üzə çıxarır, onları təkmilləşdirir. Kukla oyunlarının çoxunda musiqidən istifadə edilir. Oyunda ən çox istifadə olunan qara zurna və dəf qədim tarixə malik musiqi alətləri olub oyunun mahiyyətini daha da zənginləşdirir. Kukla oyunlarında hadisələr həm keçmiş, həm də çağdaş dövrdən bəhs edir. Kukla tamaşaları nağıl söyləmə estetikasına söykənsə də, tədricən onun özünün məkan və zaman anlayışı da formalaşır. Onu da qeyd etmək lazımdır ki, milli kukla (oyuq) tamaşalarında çağdaş dövrdə peşəkar kukla teatrları üçün örnək ola bilən, zəngin poetika göstəriciləri, əlvan estetik prinsiplər vardır.
Kukla oyunlarının üç növü vardır: Kilimarası; Kukla oyunu; Kölgə oyunu.
1. Kilimarası tipli tamaşalar, əsasən, kilim arasında göstərilir. Bu oyunların eyni kökdən olan bir neçə forması var. Bunlardan ən geniş yayılanı “Bəbək” oyunudur ki, onun icrasında ələ qolçaq kimi taxılan və barmaqlarla hərəkətə gətirilən “bəbək” adlı kuklalardan istifadə olunur. Məşhur kilimarası oyunları “Tapdıq çoban”, “Şölə”, “Şah Səlim”, “Qaragöz”, “Hacı gəldi”, “Keçəl pəhləvan” tamaşalarıdır.
2. Kilimarasından sonra yaranmış oyuq-kukla tamaşaları bir neçə növdən ibarətdir. Ümumi kökdən yaransa da, kilimarasının və kukla oyunlarının özəllikləri, müxtəlif göstərmə prinsipləri, başqa-başqa məkan qurumları vardır. Kukla (oyuq) tamaşalarında öndəki pərdəyə gərdək və atəşpərdə deyilir. Bəzəkli, əlvan rəngli, şux ovqat doğuran parçalardan hazırlanan bu pərdə oyunçuları tamaşaçılardan “gizlədir”.
3. Kölgə oyunları (Xəyal oyunu) kukla tamaşalarının orijinal bir formasıdır. Həmin tamaşalar üçün obraz-kuklaların silueti dana, dəvə dərilərindən və ya qalın kordondan kəsilir. Nağıl gecələrində nazik parçadan ekran-pərdə qurulur. Köməkçi ekran-pərdənin arxasında tamaşaya aid müxtəlif kuklaları xüsusi ipə düzür və hazırlıq işlərini görüb qurtardıqdan sonra işığı yandırır. Bu işığa xəyalfanar və ya şəma deyilir. Şəma zeytun yağı və ya qara neft tökülən, çoxlu piltəsi olan nəlbəkidir. Çırağın əsas funksiyası oynadılan kuklaların hərəkətlərini pərdə-ekranlara salmaqdır. Yumor üzərində qurulmuş “Bacbacı” (əzizləmə, bacı-bacı mənasında) belə kölgə oyunlarından biridir. Müasir dövrümüzdə bu tipli oyunlar geniş yayılmasa da, bəzi bölgələrdə qorunub saxlanır.
Uzun zaman xalq arasında sevilə-sevilə oynanmış Azərbaycan kukla oyunları qədim tarixə malikdir. Kökləri şaman mərasimlərinə gedib çıxan bu oyunlar milli mədəniyyətimizin qiymətli sərvətlərindən sayılır. Şərq mədəniyyətinin mütəfəkkirləri İbn əl-Əsir, əl-Biruni, A.Mokovelski, A.Xodzko, S.Marr və b. alimlərin Azərbaycan xalq tamaşalarından söhbət açanda kukla oyunlarından bəhs etməsi də vaxtilə bu oyunların şifahi ənənədə geniş yayıldığından xəbər verir. Müasir kukla teatrının formalaşmasında böyük əhəmiyyəti olmuş kukla tamaşaları digər xalq tamaşa nümunlərinə nisbətən Azərbaycanda zəif inkişaf etmişdi. Günümüzdə bu tamaşaların yalnız bir neçə nümunəsi – “Maral oyunu”, “Kilimarası” və s. yaşadılmaqdadır.