AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Meydan tamaşaları

Nümunənin reyestr kodu : FO0200000001

Azərbaycan meydan tamaşaları təhkiyəli, süjetli teatr oyunlarıdır. Bu tamaşalar açıq havada, yaşayış yerinin ortasında, şəhər meydanlarında, karvansara həyətində, bazar yerlərində dairəvi şəkildə düzülən tamaşaçıların əhatəsində oynandığı üçün öz adını da buradan götürmüşdü.

Dini bayramlarda, kütləvi şənliklərdə oynanan meydan tamaşaları dramatik xarakterli olub ən azı iki nəfər arasında oynanan, səhnəyə, dekora, geyimə və digər makiyaj ünsürlərinə sahib tamaşalardır. Burada bütün elementlər – sözlü mətn, hərəkət, səhnə, oyunçuların geyimləri, oyunu yönləndirənlər və sair vəhdət halında olur. Xalq teatrlarının əsas özəlliyi yazılı bir mətnə deyil, bədahətən söylənən şifahi mətnə dayanması və müəyyən quruluşa malik olmasıdır. Bu tamaşalar mahnı, rəqs, söz oyunları və təqliddən ibarət bir anlayış üzərində qurulmuşdu. Xalq teatrında tamaşaçı hadisələrin iştirakçısına çevrilir. Tamaşaçı oyuna o qədər inteqrasiya olur ki, bir çox halda oyunçu ilə eyni səhnəni paylaşır: tamaşaçı oyunçu, oyunçu tamaşaçı olur.

Meydan tamaşalarının qaynağı, bir qayda olaraq, folklordur. Bütün xalq komediyaları öz mövzusunu yumor, gülüş doğuran məzəli əhvalatlardan, dram əsərləri isə nağıllardan almışdı. Bir çox dram oyunları nağılların səhnələşdirilməsi hesabına yaranmışdı. Bundan əlavə, Azərbaycanda məşhur olan “Kosa-kosa”, “Təkəçi”, “Yeddi çoban”, “Bəhs oyunu” kimi bir çox oyunlar mövzusunu təqvim miflərindən almışdı.

Meydan tamaşaları həm məzmun, həm də forma zənginliyi ilə seçilmiş, incəsənətin bir çox növlərinin, xüsusilə də milli sirk sənətinin inkişafında önəmli rol oynamışdı. Əsrlər boyu meydan tamaşalarında istifadə olunan müxtəlif oyunlar, xüsusi hərəkətlər peşəkar sirk artistlərinin repertuarında özünə möhkəm yer tutmuşdu.

Meydan tamaşaları məzmununa görə dörd qrupa ayrılır: 1) Mərasim tamaşaları; 2) Şəbih tamaşaları; 3) Kukla tamaşaları; 4) Qaravəlli tamaşaları.

Meydan tamaşalarının əksəriyyəti məzhəkə üzərində qurulur. Yumoristik məzmunun aparıcı rol oynadığı bu tamaşalarda ilk baxışdan bayağı görünən parodiyalardan, şarjlardan geniş istifadə olunur. Vaxtilə Qarabağda oynanan “Şərbətalı”, “Mirzə oyunu”, “Qaravəlli”, “Heyvanacat danışığı”, “Qatıq satmaq” məhz əyləndirici məzmunlu tamaşalara aiddir. Bundan əlavə, “Kosa-kosa”, Çəltikçilər”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”, “Xan-vəzir”, “Tənbəl qardaş” və digər xalq tamaşaları da süjetli olub teatral özəlliyə sahibdir. Bu oyunların əksəriyyətinin mövzusu lətifələrdən, qaravəllilərdən, satirik məişət nağıllarından alınmışdı. Meydan tamaşaları içərisində yalnız şəbihlər üçüncü imam Hüseyn və tərəfdarlarının 680-ci ildə Yəzid və onun çoxsaylı ordusuna qarşı apardığı mübarizə üzərində qurulur və dramatik məzmunlu tamaşalardır.

Xalq tamaşalarının kuklalardan istifadə etməklə oynanan növü Azərbaycanda zəif inkişaf etmişdi. Bununla belə, şifahi ənənədə “Kilimarası”, “Maral”, “Şah Səlim”, “Keçəl pəhləvan”, “Şölə”, “Hacı gəldi” kimi maraqlı kukla tamaşalarına rast gəlmək mümkündür. Bu tamaşalar vaxtilə el şənliklərində, şəhər-kənd meydanlarında, bazar və meyxanalarda, açıq havada müəyyən həvəskar aktyorlar tərəfindən oynanmış, müasir dövrümüzdə də bəzi bölgələrdə bu ənənə davam etdirilir.

Qaravəlli tamaşalarının isə əvvəllər dastanlardakı faciəli hadisələrin ağır təsirini yüngülləşdirmək və dinləyicilərin könlünü açmaq məqsədilə dastan arasındakı fasilələrdə oynandığı, sonralar dastan məclislərindən ayrılaraq bir neçə oyunçu tərəfindən ifa edilən məzhəkələrə çevrildiyi ehtimal olunur

Meydan tamaşaları qədim dövrlərdə mifoloji ritualın bir parçası olmuş, sonralar ritualdan ayrılaraq kölgə, mərasim, festival xarakterli teatral tamaşalara çevrilmişdi. Başqa sözlə, xalq teatrı və şəbihlər şaman rituallarının bolluq mərasimləri, artım, ölüb-dirilmə ritualları ilə birləşməsindən yaranmışdı. Bu tamaşalarda kuklalardan, simvolik dekorlardan, müqəvvalardan istifadə şaman mədəniyyətindən qalma ünsürlərdir.