Ağcabədi rayon Dram dərnəyi
Ağcabədi rayon Mədəniyyət Mərkəzində Dram dərnəyi 2010-ci ildən fəaliyyət göstərir. Dram dərnəyinin 14 üzvü vardır. Dram dərnəyi ilk dəfə 27 sentyabr 2010-cu ildə görkəmli yazıçı-dramaturq N.Nərimanovun “Nadanlıq” əsərini uğurla tamaşaya qoyaraq Ağcabədi tamaşaçılarının qarşısına çıxmışdır. Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində bu tamaşa 4 dəfə tamaşaçılara təqdim olunmuşdur. Dram dərnəyinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Gündüz Sevindiyin ssenarilər əsasında səhnələşdirdiyi “Kabus gecə”, “İlham və Fərizə”, “Bu dağların qoynunda yaşıl bir kənd varıydı”, “Qanlı qar” tamaşalarını 20 Yanvar “Milli Hüzn Günü” və 26 Fevral – Xocalı Soyqırımı günü ərəfəsində nümayiş etdirməsi bir ənənə halını almışdır. Bundan əlavə, dram dərnəyi hər il 18 Sentyabr – Milli Musiqi Günü ilə bağlı dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət edir, biri-birindən məzmunlu, baxımlı tamaşa-səhnəciklər hazırlayıb tamaşaçıların görüşünə gəlir.