"Gənclik" Xalq Teatrı
“Gənclik” xalq teatrı 1974-cü ildə Beyləqan rayon Mədəniyyət Mərkəzi nəzdində yaradılmışdır. Xalq teatrının uzun illər rejissoru olmuş İsmayılov Müseyb Bəhlul oğlu fəaliyyəti dövründə bir çox əsərləri səhnəyə qoymuş və uğurlar əldə etmişdir. Belə ki, 2017-ci ildə teatr Akademik Milli Dram Teatrında İkinci Respublika Xalq Teatrları Festivalının final mərhələsində laureat olaraq fəxri fərmana layiq görülmüşdür. Xalq teatrının səhnələşdirdiyi əsərlər AzTv, Mədəniyyət Tv, El və s. telekanallarda, həmçinin müxtəlif internet saytlarında nümayiş etdirilmiş və repertuarı, tamaşaları haqqında dövrü mətbuatda mütəmadi olaraq məqalələr dərc olunmuşdur. Hazırda “Gənclik” xalq teatrı yeni əsərlər üzərində işləyərək səhnəyə yeni bir ruh gətirməyə çalışır.
2013-2018-ci illərdə teatrda Səttar Axundovun “Məhəbbət nişanəsi”, Üzeyr Hacıbəyovun “Ər və arvad”, Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Sabit Rəhmanın “Durnalar”, Mir Yusif Manafovun “Qəsəbə işıqları”, Üzeyr Hacıbəyovun “O olmasın, bu olsun”, Əbdürrəhimbəy Haqverdiyevin “Dağılan tifaq”, Şıxəli Qurbanovun “Özümüz bilərik”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Salam Qədirzadənin “Şirinbala bal yığır”, Malik Muxtarovun “Zəngulənin zəngləri”, Əli Səmədovun “Təzə qonşular”, Asif Cəfərlinin “Apar məni yurduma” əsərləri səhnəyə qoyulmuşdur. “Gənclik” xalq teatrı hər il rayonda keçirilən respublika əhəmiyyətli tədbir və bayramların fəal iştirakçısı olub. Teatrın üzvləri mütəmadi olaraq ön cəbhədə əsgər və zabit heyəti qarşısında öz vətənpərvərlik repertuarı ilə çıxış edib, hərbi rəhbərlik tərəfindən fəxri fərmanlarla təltif edilib.