AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qəhrəmanlıq mahnıları

Nümunənin reyestr kodu : FM0202000001

Tarixi və qəhrəmani mahnılar

Azərbaycan xalq mahnı yaradıcılığının bir hissəsini qəhrəmanlıq mahnıları təşkil edir. Bu mahnılarda xalqın mübarizəsində önəmli rol oynamış müəyyən tarixi hadisələr, ölkənin ictimai-siyasi həyatına, insanların haqq-ədalət uğrunda mübarizəsinə birbaşa təsir göstərmiş görkəmli tarixi qəhrəmanlar tərənnüm olunur. Burada xalqın vətəninə sevgisi, sədaqəti, düşmənə qarşı amansızlığı, müstəqillik arzusu əks olunur.

Qəhrəmanlıq mahnıları poetik xüsusiyyətlərinə və ifa üslubuna görə iki qismə bölünür:

1) Koroğlu və onun “dəliləri”nə həsr olunmuş aşıq mahnıları;

2) XIX əsrin ikinci yarısında bəy və xanların zülmünə qarşı Azərbaycanda başlamış qaçaqçılıq hərəkatına və onun başçılarına həsr olunmuş mahnılar.

Koroğlu haqqında silsilə təşkil edən mahnılarda sevgilisi Nigar, mübariz yoldaşları – dəlilərin şücaəti, Qıratın sədaqəti əks olunur. Aşıqların əsrlər boyu ifa etdiyi, şifahi şəkildə nəsildən-nəsilə ötürülən qəhrəmanlıq mahnıları silsiləsinə “Qaytarma Koroğlu”, “Cəngi Koroğlu”, “Atlı Koroğlu”, “Piyada Koroğlu”, “Koroğlunun sürütməsi” və s. aşıq mahnıları daxildir. “Koroğlu əfşarısı”, “Döşəmə Koroğlu”, “Qaytarma Koroğlu”, “Koroğlunun Çənlibeli” kimi mahnılarda Koroğlunun cəsur bir döyüşçü, qorxmaz bir sərkərdə kimi məğlubedilməzliyi öz əksini tapır, o, igidlərini düşmənə qarşı amansız olmağa, düşmən üzərində qələbəyə çağırır.

Xalq mahnılarında XIX əsrdə fədakarlıqları ilə seçilən Qaçaq Nəbi, Qaçaq Kərəm, Qandal Nağı, Qaçaq İsmayıl, Dəli Alı və başqa qəhrəmanların adı çəkilmiş, bu qəhrəmanlar haqqında dastanlar və nağıllar yaradılmışdı. Qaçaq Kərəm haqqında xanəndə və aşıqlar müxtəlif formalı mahnılar qoşmuşlar. Bunlardan “Qaçaq Kərəm”, “Kərəmxan sərtib” müxəmməslərini, “Gül Vəli” təcnisini, “İsmayılın silahdaşı haqqında Qaçaq Kərəmin mahnısı”nı, “Kərəmlə Zalxa” gəraylısını, “Qarabağa gedirəm”, “Yolu kəsmişlər” mahnılarını misal göstərmək olar.

“Qaçaq Nəbi” qəhrəmanlıq mahnılarının gözəl nümunəsidir. Xalq arasında geniş yayılmış bu mahnılarda muzdur Nəbinin, onun şücaətli, vüqarlı arvadı Həcərin, qardaşı Mehdinin ictimai haqsızlıq əleyhinə mübarizəsindən danışılır. Qeyd etmək gərəkdir ki, Qaçaq Nəbiyə həsr olunmuş mahnıların dəqiq adı yoxdur. Xalq arasında bu mahnılara “Qaçaq Nəbi mahnıları” deyilir və hamısı həsr olunduğu surətlərin dilindən “Qaçaq Nəbi” melodiyası əsasında oxunur.

Tarixi-qəhrəmanlıq mahnıları daha çox insanlarda döyüş ruhunun yüksəldilməsi, amansız düşmənə qarşı mübarizədə döyüşçülərdə qorxmazlıq, məğlubedilməzlik, igidlik, yadelli işğalçılara qarşı nifrət, barışmaz mövqe, cəngavərlik nümayiş etdirmə, qalibiyyət hissləri yaratmaq məqsədilə həm döyüşdən əvvəl, həm də döyüş zamanı oxunur, döyüşçüləri səfərbərliyə çağırırdı. Bu mahnılar qəhrəmanların psixoloji əhval-ruhiyyəsini əks etdirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir. Xalq yaratdığı bu mahnılarda öz qəhrəmanlarını öyür, onların sosial ədalət uğrunda mübarizlik əzmini ürəkdən alqışlayır, onlarda düşmən qarşısında mərdliklə dayanmaq, ona baş əyməmək, insan ləyaqətini qoruya bilmək kimi üstün insani keyfiyyətləri mədh edir.

Tarixi-qəhrəmanlıq mahnılarının poetik mətnini, əsasən gəraylı, qoşma, təcnis, müxəmməs seir formaları təşkil edir. Yığcamlıq, melodiya və struktur baxımından sadə və aydın fikir bu mahnıların səciyyəvi cəhətidir. Mahnılar xalq çalğı alətlərinin müşayiəti ilə aşıqlar və xanəndələr tərəfindən ifa olunur.