AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qəhrəmanlıq dastanları

Nümunənin reyestr kodu : FL0104010001

Azərbaycan dastanlarının böyük bir qrupunu qəhrəmanlıq dastanları təşkil edir. Bu dastanlarda xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda mübarizəsindən bəhs edilir. Qəhrəmanlıq dastanları öz mövzusunu tarixdən götürsə də, tarix burada olduğu kimi deyil, bədiiləşdirilmiş şəkildə əks olunur. Başqa sözlə, dastan tarixi mübarizənin özünü deyil, ruhunu verir.

Qəhrəmanlıq dastanları milli ruhun yüksəlməsinə, xalqın düşmənə, yadellilərə qarşı mübarizə əhval-ruhiyyəsinin artırılmasına xidmət edir. Ona görə də bu dastanlar istənilən zaman deyil, tarixin həlledici dövrlərində – əşirət birliklərinin, dövlətlərin yarandığı dövrdə təşəkkül tapır və xalqın mübarizə əzminin yüksəldilməsinə xidmət edir. Bura “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Qandal Nağı” kimi xalq qəhrəmanlıq dastanları daxildir. Bu dastanlar xalq qəhrəmanları haqqında el arasında dolaşan rəvayət və nəğmələr əsasında yaranır.

Mövzu müxtəlifliyinə baxmayaraq qəhrəmanlıq dastanlarının strukturu məhəbbət dastanları ilə eynidir. Məhəbbət dastanlarında müşahidə olunan nəzm-nəsr əvəzlənməsi, şeirlərin müəyyən hava ilə oxunması, bir sözlə, saz, söz və şeir üçlüyü bu dastanlar üçün də xarakterikdir.

Qəhrəmanlıq dastanlarının əsas mövzusunu daxili və xarici düşmənlərə qarşı mübarizə təşkil etsə də, bu mübarizənin başında bir şəxs durur. Bu fərd qəhrəman adlandırılır və süjet xətti onun ətrafında qurulur. O, xalqın daxili və xarici düşmənlərə qarşı mübarizəsinə rəhbərlik edir və xalqın azadlıq idealları onun timsalında gerçəkləşir. Ona görə də qəhrəmanlıq dastanları təkcə estetik zövqü oxşamır, həm də gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında, milli birlik hisslərinin güclənməsində mühüm rol oynayır. Düşmənə qarşı vuruşmağın, vətəni, namusu qorumağın şərəfli bir iş olduğunu göstərir, ədalətdən vaz keçməməyi öyrədir.

Qəhrəmanlıq dastanları məzmununa görə iki hissəyə bölünür. 1) Klassik qəhrəmanlıq dastanları; 2) Qaçaqçılıq dastanları. Birinci qrupa daxil olan dastanlar bahadırlıq nağılları, sehrli nağıl süjetləri, əsatiri təsəvvürlər əsasında təşəkkül tapır. Bura “Basatın Təpəgözü öldürdüyü boy”, “Koroğlu” dastanının birinci qolu və s. daxildir. Bu dastanlar digərləri ilə müqayisədə daha qədim hesab olunur.

Qaçaqçılıq dastanları isə XIX əsrin sonlarından etibarən təşəkkül tapmağa başlamışdı. Belə ki, Çar Rusiyasının Azərbaycanı istilasından sonra burada təhkimçilik hərəkatı güclənmişdi. 1850-ci illərdən etibarən torpağını itirmiş bir qrup kəndli dağlara, meşələrə, çar rejiminin hökmü işləməyən yerlərə sığınaraq ona qarşı mübarizə aparmağa başlamışdı. Qaçaqçılıq hərəkatı başlanğıcda haqsızlığa, ədalətsizliyə, çar rejimi və onun yerlərdəki məmurlarına qarşı mübarizə kimi başlasa da, sovet dövründə genişlənərək azadlıq uğrunda mübarizəyə çevrilmişdi. Ona görə bu hərəkat xalq arasında özünə güclü dayaq tapa bildi. Xalq bu qəhrəmanları ərzaq və sursatla təmin etməklə yanaşı, onlar haqqında nəğmələr qoşur, onların igidliyini, qoçaqlığını öyüb mədh edirdi. Pərakəndə, xırda dəstələr halında fəaliyyət göstərdiyindən qaçaqçılıq hərəkatı məqsədinə çata bilmədi və XX əsrin 30-cu illərində bu dəstələrin böyük əksəriyyəti, demək olar ki, zərərsizləşdirildi.

Qaçaqlar içərisində ən məşhur olanı Qaçaq Kərəm, Qaçaq Nəbi, Qaçaq Tanrıverdi, Qandal Nağı və başqalarını göstərmək olar. Onlar haqqında yaranan mahnılar, rəvayətlər sonralar aşıqlar tərəfindən bir araya gətirilərək onun əsasında qaçaqçılıq dastanları formalaşmışdı. Lakin bu parçalar dastan kimi tam dolğunlaşmamış, dastan poetikası baxımından rəvayətlə dastan, sözlü tarixlə dastan arasında duran nümunələr kimi nəzərdən keçirilir. Çünki qaçaqçılıq dastanları klassik dastan şəklindən çox uzaqdır.