Simli çalğı alətləri
Nümunənin reyestr kodu : ST0803000003
Azərbaycan musiqi mədəniyyətində çeşidinə və yayıldığı arealın genişliyinə görə simli çalğı alətlərinin müstəsna yeri vardır. Musiqi mədəniyyətinin inkişafında əvəzsiz əhəmiyyəti olmuş simli çalğı alətləri müasir musiqi alətlərinin yaranmasına da öz təsirini göstərmişdi. Günümüzdə istifadə olunan bir çox simli çağlı alətləri qədim çalğı alətlərinin təkmilləşdirilməsi nəticəsində formalaşmışdı. Ənənəvi simli çalğı alətləri içərisində qopuz, saz, tar, kamança, tənbur, ud, rübab, çəng və s. ən geniş yayılmışdı. Azərbaycanda, həmçinin tənburun növü, sazın isə ulu əcdadı hesab olunan “setar” adlı üçsimli musiqi alətindən də istifadə olunmuşdu.
Bəzi simli çalğı alətləri yalnız məhdud ərazidə yayılmış, sonradan tədricən sıradan çıxmışdı. Nizami Gəncəvinin əsərlərində dönə-dönə vəsf edilmiş “qanon”, həm simli, həm də zərb aləti kimi istifadə olunan “santur” buna misal ola bilər. Bu alətlərdən müəyyən dövrlərdə istifadə olunsa da, sonralar dəbdən düşərək işləkliyini itirmişdi.
Ən qədim simli musiqi alətləri qopuz və tənbur hesab olunur. Xalq çalğı alətlərinin bu arxaik növlərinin hər ikisi ilk vaxtlar üçsimli olmuş, sonralar xalq içərisindən çıxmış peşəkar çalğıçılar tərəfindən təkmilləşdirilərək simlərinin sayı artırılmışdı. Simlərinin sayının artması, öz növbəsində, bu alətlərin çanağının, qolunun və sim bağlanan aşıqlarının təkmilləşdirilməsinə gətirib çıxarmışdı. Bütün bu təkmilləşdirmələr simli çalğı alətlərinin saz, tar, ud, kamança və s. növlərinin yaranması ilə nəticələnmişdi.
İslam coğrafiyasında yaşayan xalqlar arasında tarixən formalaşmış mədəni-iqtisadi əlaqələr onların mədəniyyətində, elmində, sənətkarlığında və s. bir çox eyni və oxşar dəyərlərin yaranmasına gətirib çıxarmışdı. Ənənəvi musiqi alətlərinin, o cümlədən simli çalğı alətlərinin böyük bir qisminin ərəb mənşəli istilahla adlandırılması da həmin mədəni oxşarlığın doğurduğu nəticələrdir.
Səs mənbəyini dartılmış elastik simdən alan simli musiqi alətləri ifa tərzinə görə 3 qrupa bölünür.
1. Mizrablılar. Səs simin mizrab (təsənə ilə) və ya barmaqla dartılması nəticəsində çıxır. Bura tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çaqur, çəng, tənbur kimi simli çalğı alətləri daxildir.
2. Kamanlılar. Səs kamanın simə sürtünməsi nəticəsində çıxır. Bu qrupa kamança, çəqanə aid edilir.
3. Zərbilər. Səs simlərə ağac çubuqla (toxmaqla) vurulması nəticəsində çıxır.
Aslan Məmmədovun yazdığına görə, simli çalğı alətləri ilk simli alət olan monoxorddan əmələ gəlmiş, onun inkişafı nəticəsində isə çəng, qıl-qopuz, tənbur formalı alətlər formalaşmışdı. Bu alətlər başqa xalqlar tərəfindən mənimsəndiyi zaman həmin xalqın musiqi ladına, səsdüzümünə görə transformasiyaya uğrayaraq lokal alətlərdən akademik alətlər səviyyəsinə yüksəlmişdi. Məsələn, ümumtürk musiqi mədəniyyətində istifadə olunan tənbur, rübab, qopuz ailəsinə mənsub alətlər Şərq, Slavyan, Balkan və bir sıra Qərb xalqlarına miqrasiya olunmuş, transformasiya prosesi keçirdikdən sonra saz, kamança, tar kimi regional, skripka, violon, kontrabas, gitara kimi akademik alətlərə çevrilmişdi.
Bəzi simli çalğı alətlərinin təkmilləşdirilməsində, onların yeni növlərinin yaranmasında Azərbaycanın görkəmli musiqi xadimlərinin böyük əməyi olmuşdu. Bu cəhətdən Azərbaycan musiqişünaslarından Səfiəddin Ürməvinin, Əbdülqədir Marağalının, görkəmli tarzən Mirzə Sadığın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Səfiəddin Ürməvi “müğni” və “nüzhə” adlı çoxsimli musiqi alətlərini icad etmişdi. Tarzən Mirzə Sadıq isə tarın quruluşunda dəyişikliklər edərək simlərin sayını 5-dən 11-ə çıxarmış, onun ifasını diz üstündən sinəyə qaldırmışdı. Bu dəyişikliklərdən sonra həmin musiqi aləti “Azərbaycan tarı” kimi tanınır.