Aşıq Şakir və Ceyran xanım
Nümunənin reyestr kodu : FL0104020035
Sizə hardan xəbər verim, Girdiman çayının kənarında məskən salmış kəndlərdən biri olan Xəlilli kəndindən. Kimdən, Şahverdi adlı bir kişidən. Şahverdi kişinin Şahlar adlı bir oğlu var idi. Şahlar kəndin dana-buzovunu otarırdı. Yay təzəcə girmişdi, cümə günü idi, Şahlar dana-buzovu kəntdən bir az kənar otarırdı. Gün bir az yuxarı qalxan kimi danalara necə gögəyin hücum çəkdisə, danalar qaçıb hərəsi bir söyüdün, bir qayanın altına soxulur. Şahlar çox yüyürür, yortur, görür işin orası deyil. Vəziyyəti belə görüb, yorulub əldən düşəndən sonra ağlaya-ağlaya evlərinə qayıdır. Şahlar yolda xəyalında düşünür ki, atam kasıb kişidir. Özünü, əhli-əyalını zorla-güclə dolandırır, 40 baş dananın zərərini hardan ödəyəcək. Evlərinə çatır, evdə heç kim olmur, qapılar bağlı olur. Şahlar bərk yorulmuşdu, bir nimdər tapıb ala eyvana çıxır, başını nimdərin üstünə atıb elə yatır ki, dünyadan xəbəri olmur.
O, yatmaqda olsun, sizə xəbər verim bir nəfər pirani qoca əlində yumurta boyda brilyant şar oynada-oynada Şahlargilin qapısına gəlir. Eyvana yaxınlaşıb görür ki, bir gözəl oğlan yatıb, əynindəki köhnə libas heç ona layiq deyilsə də əndamının yaraşığına xələl gətirmir. Qoca yaxınlaşıb Şahlara xeyli tamaşa edir, “şarı” əlində bir-iki dəfə atıb-tutur, birdən yuxarı atanda şar qocanın əlindən çıxır, arxası üstdə, ağzı açıq yatan Şahların ağzına düşür. Şar düşən kimi xap eləyib Şahlar şarı udur. Qoca isə qeyb olur.
Qoca qeyb olandan sonra Şahlar yuxudan ayılır, görür ki, halı çox dəyişikdir, dünya-aləm gözündə sözə dönüb, dastana dönüb. Başlayır öz-özünə zümzümə edib oxumağa, elə məlahətli oxuyur ki, kənd əhli qohum-aqrəbə eşidən-eşidən Şahların yanına gəlir, hərə ürəyində bir söz söyləyir. Pıç-pıç düşür kəndə ki axı Şahlar belə olmayıb, yəqin danalar itəndən sonra yazıq cavan xoflanıb başına hava gəlib. Ata-anası da gəlib çıxır, Şahları belə görüb halını soruşurlar. Şahlar əzzəl danaların vəziyyətini danışır, onlara özü barədə deyir, ata-anası görür ki, həmişəki Şahlar deyil, ağzından brilyant kimi söz tökülür. Demə-demə elə bu ləl sözlərin tökülməsi udduğu brilyantdan imiş. Sonra Şahlar atası Şahverdidən saz istəyir. Atası Gəncəyə gedir. Şahlara bir saz alır, adını da üstünə yazdırır. Saz Şahlara çatan kimi sinəsinə basıb deyir:
Saz götürüm, dastan yazım hüsnünə,
Bahar güllərindən təzə kəndimiz.
Güllü yaylaqların, meyvə bağların,
Hər şeydən əzizdir bizə kəndimiz.
Ağ pambıqlı, bol məhsullu çöllərin,
Aşiqiyəm səni quran əllərin,
Nə xoş keçir günün, ayın, illərin,
Gecən dönür ağ gündüzə, kəndimiz.
Al, əlvan geyinir çöllərin Kürdən,
İnsanlar yol çəkir kosmosa yerdən,
Parlaq nur aldıqca Mingəçevirdən,
Gecən dönür ağ gündüzə, kəndimiz.
Hər qarış torpağdan bərəkət yağır,
Oğlun məhsul yığır, qızın süd sağır,
Çəkirsən ağ günə neçə yol-cığır,
İstiqbalın gülür üzə, kəndimiz (Tam mətni yüklə).