AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şəhri və Mehri

Nümunənin reyestr kodu : FL0104020026

Sizə kimdən xəbər verək, Misir vilayətində Həsən paşa, Hüseyn paşa adlı iki qardaşdan. Bu qardaşlar çox varlı idi, dünyada nə nazı-nemət desən onlarda tapmaq olardı. Əmə di gəl ki, bu iki qardaşın heç birinin övladı olmurdu. Bu dərd hər iki qardaşı saraldıb-soldurmuşdu. Kasıb-kusuba əl tutmaqdan, yetim-yesirə yedizdirməkdən yorulmuşdular. Günlərin bir günü Həsən paşa bağçada güllərə tamaşa eləyirdi. Hüseyn paşa qardaşını bağçada qəmli-qəmli gülləri iylədiyin görüb onun yanına gəldi.

– Nə var ay qardaş, gənə niyə qaş-qabağın yernən gedir, elə bil dünyanın bütün badi-xərəcanı sənnən alıblar.

Həsən paşa başını qaldırıb qardaşının üzünə baxdı, dərinnən bir köks ötürüb dedi:

– Eh, ay qardaş, ikimiz də bir gündəyik, sabah bir gün başımızı qoyub bu dünyadan köç eliyəcəyik, bəs bizim yurdumuzda bir yurdçu qalmayacağmı? Kimə qalacax bu cəh-cəlal?

Hüseyn paşa dedi:

– Rəhmətliyin oğlu, qismətdən artıq yemək heç kimə nəsib olmayıb. Nə yazılıb onu da görəcəyik. Allah özü məsləhət bilən yaxşıdır. Bir də gördün bizə əncam çəkdi.

Hüseyn paşa bunu demişdi ki, iki qardaşın arasında bir nurani dərviş nazir oldu. Əlində bir qırmızı alma tutub Həsən paşaya yaxınlaşdı. – Götür, – dedi, – oğlum, götür. Bu almanı tən yarı bölərsiniz, yarısını evə aparıb arvadınızla yarı bölüb yeyərsiniz. Vaxt gələcək onda sizin birinizin qızınız, digərinin oğlu olacaq. Mən bəri başdan onların butasını da verdim.

Bunu deyib dərviş baba qeyb oldu. Hər iki qardaşın sevinci yerə-göyə sığmadı. Evə çatanacan əhd-peyman bağladılar. Həsən paşa dedi:

– Sənin qızın, mənim oğlum olsa qızını oğluma alacam, yox əgər mənim qızım sənin oğlun olsa onda mən öz qızımı sənin oğluna verəcəm.

Bəli, hər iki qardaş almanı tən yarı bölüb sevinə-sevinə xanımlarının yanına qaçıb yarım almaları bunlardan da bölüb yedilər. Həmin axşamnan bu qadınların boynuna uşaq düşdü.

Günlər keçdi, həftələr dolandı, aylar dolandı. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz saniyə tamamda Həsən paşanın oğlu, Hüseyn paşanın bir qızı oldu. Elə həmin günnən körpələr dayələrə tapşırıldı. Bir qiyamət, bir vur çartasın oldu ki, gəl görəsən. Bu sorağı eşidən ayrı yerlərin paşaları sultanları göz aydınlığına gəldilər. Böyük məclisdər quruldu, oğlanın adını Şəhri, qızın adını Mehri qoydular.

Bu mün0valnan uşaxlar böyüməyə başladı. Məktəb yaşı çatanda ikisi də bir məktəbdə oxudular, elə bil saat-saat böyüyürdülər. Əmə axır vaxtlar özləri də bir-birindən ayrı dura bilmirdilər. Bir gün dərsdə yan-yana oturmuşdular. Molla baxıb gördü ki, Şəhri Mehrinin əlini alıb ovcunun arasına qızınan məzələnir, heç dərsə də fikir vermir. Bu işin üstünü axşamacan vurmur, axşam gedib Hüseyn paşıya çatdırır ki, bəs deməzsənmi Şəhri Mehriynən eşqbazlıq edir. Həmən günün səhərisi Hüseyn paşa Mehrini daha dərsə qoymadı. Bu Şəhrini yaman kədərləndirdi. Əhvalatdan Həsən paşa xəbərdar oldu. Gedib qardaşınnan məsələni öyrənmək istədi. Qardaşı Həsən paşanı çox soyux qarşılayıb dedi ki, bizim əhdimiz baş tutası döylü. Mən sənin oğluna qız vermiyəcəm. Düzü Həsən paşanın elə quru adı qalmışdı, paşalığı zadı, malı-dövləti yoxuydu. Hüseyn paşa da fikirləşirdi ki, bir varlı paşaynan qohum olaram, onun sayəsində öz var-dövlətim artar. Qardaşımnan mənə bir şey çıxmaz.

Həsən paşa işdən agah oldu, kor-peşiman evə qayıdıb əhvalatı arvadına danışdı. Şəhri harasa getmişdi. Gəlib atasını belə qanıqara görəndə gözlərinə inanmadı. Soruşdu, gecədən gec cavab aldı, məsələdən bu da agah oldu. Başına elə bil bir qazan isti su tökdülər. Şəhrinin vəziyyəti ağırlaşdı, gözdər qaraldı, ağız köpükləndi, bir müddət bihuş olub yatdı. Bəli, bu işdən ata-ana bərk təşvişə düşdü. Həkim-loğman çağırdılar. Şəhriyə bir əlac eliyən tapılmadı. Kim baxdısa da hamısı bir söz dedi ki, bunun dərdi eşq dərdidi. Sevgilisinə qovuşmasa sağalası döylü. Bu minvalnan on-on beş gün keçdi, Şəhri elə saralmışdı, elə saralmışdı elə bil aylar-illər xəstəsidi. Dili sözdən, dizi gücdən qalmışdı. Əmə Mehriyə məhəbbəti əvvəlkinnən də qat-qat artıq başında qalmışdı (Tam mətni yüklə).