AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şur peşrovu

Nümunənin reyestr kodu : FM0103000004

“Şur” peşrovu Şirvan aşıq mühiti üçün səciyyəvi olan aşıq və muğam sənətinin sintezini özündə ehtiva edir. Keçən əsrin 80-ci illərinə qədər ustad aşıqların repertuarında geniş yer almış bu hava, təəssüf ki, hazırda ifa olunmur.

Musiqişünas Kamilə Dadaşzadə (Axundova) Aşıq Şamil Piriyevin ifasında “Şur” peşrovunu nota almışdır. Nota alınmış həmin nümunə instrumental girişlə başlayır. Hava orta tempdə, 6/8 ölçüdə ifa olunur. Melodiya septima intervalı həcmində dalğavari, bəzən sıçrayışlı hərəkətlə inkişaf edir. Kiçik instrumental girişdən sonra vokal hissə başlayır. Hava ilə oxunan poetik mətn gəraylı şeir şəklinə uyğun gəlir. Aşıq Şamil Piriyev Mirzə Bilalın irsinə müraciət edərək, “Öldürdü-öldürdü” gəraylısının üç bəndindən istifadə etmişdir. Hər bənd bir perioda uyğun gəlir. Bəndlərin melodiyası arasında fərq müşahidə olunmur.

“Şur” peşrovu “sol” mayəli “Şur” ladındadır. Melodiya mayənin üst mediantasından başlayaraq mayənin kvartasına qədər inkişaf edərək mayəyə doğru hərəkət edir. Həm yarım, həm də tam kadanslar yuxarıdan və aşağıdan dalğavari hərəkətlə mayədə tamamlanır.