AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Şahzadə Bəhram

Nümunənin reyestr kodu : FL0104020024

Nizami əsərlərindən istifadə yolu ilə yaranmış Azərbaycan dastanlarından biridir. Dastan Nizaminin “Yeddi gözəl” poeması əsasında yaransa da, ondan fərqlənir. Nizaminin “Yeddi gözəl” poemasında iki əsas xətt vardır: Bəhramın başına gələn hadisələr və ona danışılan nağıllar. Bu iki xətt arasında heç bir üzvü əlaqə yoxdur. Nağıllarda təsvir edilən hadisələr nə Bəhramın, nə də onu danışan gözəllərin başına gəlmişdir. Bəhram da, gözəllər də burada passiv nağılçı və dinləyicilərdir.

“Yeddi gözəl”də Bəhram köhnə arzusunu yerinə yetirmək, yəni vaxtilə saray otaqlarının birində görmüş olduğu fresqdəki qızları öz hərəmxanasına gətirmək fikrinə düşür. Bunun üçün yeddi hücrəli, yeddi günbəzli bir saray tikdirir. Hər gecə bir hücrədə bir gözəllə məclis keçirir. Bu aludəçilik onun hətta dövlət işlərindən soyumasına səbəb olur. “Şahzadə Bəhram” dastanında isə bu iki xətt bir-biri ilə əlaqələndirilmiş, əsər Bəhramın yeddi gözəli tapıb gətirmə macəralarına həsr edilmişdir.

Dastana görə Şahzadə Bəhram evin nəzir-niyazla tapılmış yeganə oğuldur. O dayələrə, lələrə tapşırılır, böyüdükdən sonra atasının sarayındakı otaqları gəzir, qırxıncı otaqda yeddi qızın şəklini görüb onları tapmaq üçün səfərə çıxır. Ata öz vəzirini böyük bir ordu ilə ona qoşur. Lakin vəzir başqa padşahın torpağına keçməkdən imtina edərək qoşunu da götürüb geri dönür. Bəhramın yanında yalnız öz sədaqətli dostları olan üç qardaş pəhləvan qalır. Bununla da onun macəraları başlayır.

Dastanda yeddi gözəlin hər birinin tapılması özü-özlüyündə kiçik bir nağıldır. Bu nağılların bəziləri Nizaminin əsərləri ilə səsləşir, bəziləri başqa məşhur nağıl süjetləridir, bəzilərini isə aşıq özü qoşub düzəltmişdir. Bunlardan ikinci, dördüncü və yeddinci nağıllar açıq-aydın şəkildə Nizamidən götürülmüşdür.

Nizami variantında əsər Bəhramın qaranlıq mağarada yoxa çıxması ilə tamamlanırsa, dastan variantında final dəyişdirilmişdir. Dastanda Bəhram səyahətini qurtarır, qızların hamısını götürüb dostları ilə birlikdə vətənə dönür. Bəhramın anası oğlunun ayrılığına dözməyib ölmüş, atasını isə vəzir öldürüb hakimiyyəti ələ keçirmişdir. Bəhram xain vəziri cəzasına çatdırıb şahlığı ələ alır, dostlarını özünə vəzir, vəkil, qoşun böyüyü təyin edir, ölkəni ədalətlə idarə etməyə başlayır.

Dastanın indiyə qədər bir variantı qeydə alınıb. Həmin variant Hümmət Əlizadə tərəfindən 1939-cu ildə Qazaxda Aşıq Alıdan toplanmışdır.