AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qaçaq Nəbi

Nümunənin reyestr kodu : FL0104010004

Azərbaycanda qaçaqçılıq hərəkatının məşhur simalarından birinin adına qoşulmuş süjetli hekayələr toplusudur. “Qaçaq Nəbi” ilə bağlı araşdırmalarda bu epik nümunə “rəvayət-hekayət” və ya “rəvayət-dastan” kimi təqdim edilir. M.Təhmasib Qaçaq Nəbinin şəninə xalq arasında müxtəlif nəğmələr, rəvayətlər qoşulduğunu, lakin onların epos səviyyəsinə yüksəlmədiyini qeyd edir. Bunun səbəbini Qaçaq Nəbinin ölmündən az sonra çar rejiminin dağılması və Nəbi haqqında rəvayətlərin dastan kimi formalaşmasına zəminin yaranmaması ilə əlaqələndirir. Bunun əksi olaraq, “Qaçaq Nəbi”nin dastanlaşmaya doğru təkamül yolu keçdiyini söyləyən fikirlər də mövcuddur. “Qaçaq Nəbi çarın müstəmləkə siyasətinin gücləndiyi bir dövrdə yaşamış, ictimai ədalətsizliyə, milli zorakılığa, müstəmləkə siyasətinə qarşı çıxmışdır. Onun qəhrəmanlıq dolu mübarizəsi, arvadı Həcərin, döyüş yoldaşlarının qoçaqlığı aşıqlar tərəfindən böyük məhəbbətlə vəsf edilmiş, onun haqqında nəğmələr, rəvayətlər yaranmışdır. Zaman keçdikcə bu nümunələr peşəkar ifaçıların repertuarında daha da püxtələşərək dastanlaşmışdır” (A.Nəbiyev).

Qaçaq Nəbi haqqında nəğmə və rəvayətlər XIX yüzilliyin sonlarından etibarən toplanmağa başlanmışdır. “Qafqaz” qəzeti, SMOMPK, “Azərbaycanı öyrənmə yolu” məcmuələri, “Revolyusiya i kultura” jurnalı, “Əbədiyyat qəzeti” və s. mətbuat orqanlarında ondan müəyyən parçalar çap olunmuşdur. Azərbaycan mühacirət folklorşünaslığının tanınmış simalarından olan Əhməd Cəfəroğlu 1928-ci ildə Türkiyədə müəyyən parçalar halında “Qaçaq Nəbi”ni nəşr etdirmiş və onun haqqında məqalə yazmışdır. Ə.Tahirov (1938), Ə.Axundov (1941, 1961) tərəfindən nəşr edilmiş variantlarda isə bu folklor örnəyi oxuculara dastan kimi təqdim edilmişdir.

Süjetli hekayənin quruluşu epik ənənəyə uyğun olaraq müstəqil qollar şəklindədir. Bu qolların bir qismi hekayə təsiri bağışlayır, bəziləri isə bir-birini tamamlayır. Qollar Qaçaq Nəbi hərəkatını tarixi xronologiya üzrə izləyir. Qəhrəmanın psixoloji yüksəlişi, daxili aləmi, düşüncə və iztirabı dastanda mərhələ-mərhələ açılır. Hadisələr Qaçaq Nəbinin ölümü ilə tamamlanır.

Epik nümunə müxtəlif təbiətli, müxtəlif səciyyəli surətlərlə zəngindir. Onların böyük əksəriyyətini kəndli surətləri təşkil edir. Bu surətlərin bir çoxu varı-yoxu əlindən çıxmış, ağaların köməyinə möhtac insanlardır. İdaretmə üsulu kəndliləri acınacaqlı günə salsa da, onlar qürurunu, mənliyini, namus və ləyaqətini itirməmiş, qorumağı bacarmışlar. Dastanın mənfi surətləri – çar məmurları, pristavlar, bəy və mülkədarlar da aşıq repertuarında yenidən işlənmiş, mənsub olduqları zümrənin mənəvi-əxlaqi dünyagörüşünü əks etdirməkdədirlər.

Epik nümunədə diqqət çəkən personajlardan biri qadın surətləridir. Qadın surətləri daha canlı təsvir edilmişdir. Nəbinin mübarizəsini Həcərsiz təsəvvür etmək mümkün deyildir. V.Vəliyevin də ifadə etdiyi kimi, Həcərin simasında Nəbi yalnız ömür-gün yoldaşını deyil, silah qardaşını tapmışdır. Həcərin Nəbi ilə bir səngərdə, bir yerdə düşmənə qarşı mübarizə aparması Nəbiyə mənəvi dayaq olur, ona tükənməz qüvvət verir (V.Vəliyev). Qadınların bahadırlıq cizgiləri ilə təsviri, əslində, Azərbaycan dastançılıq ənənəsindən irəli gəlir. Qazan xanın həyat yoldaşı Burla xatun, Koroğlunun həyat yoldaşı Nigar obrazında da eyni xüsusiyyətləri görürük. Qəhrəmanlıq dastanlarında qəhrəmanın atı, silahı onun göstərdiyi igidlikdə böyük paya sahib olduğu kimi, Qaçaq Nəbini də aynalı tüfəngsiz, Bozatsız təsəvvür etmək mümkün deyildir.

Qaçaq Nəbi XIX əsrin 70-ci illərindən mübrizəyə qoşulmuş və ömürün axırına kimi bu hərəkatın başçılarından bir olmuşdur. O, 1954-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Gənc ikən atasını, anasını itirmişdir. Molla Xanalının qızı Həcərlə ata-anasının vəfatından sonra evlənmişdir. Nəbinin qaçaqçılıq etməsində onun haqsız yerə tutulması əsas rol oynamışdır. Adam ölümündə günahlandırılaraq iki dəfə həbsə atılmış, hər dəfə də həbsdən qaçmağı bacarmışdır. İkinci dəfə həbsdən qaçdıqdan sonra dağlara çəkilərək qaçaqçılıq etməyə başlamışdır. Zəngəzur dağlarında məskən salan Nəbi çox keçmədən geniş bir ərazidə şöhrət qazanmış, onun ətrafına xalqın sayseçmə cəsur oğlanları toplaşmışdır. Nəbinin rejimə qarşı mübarizəsi 20 ilə yaxın sürmüş, 1896-cı ildə çar hökumətinin ələ aldığı silahdaşı tərəfindən öldürülmüşdür. Nəbinin ölümündən sonra onun dəstəsi dağılmışdır.

Xalq qəhrəmanı haqqında görkəmli şair, dramaturq Süleyman Rüstəm “Qaçaq Nəbi” (1940) mənzum dramını yazmış, Nəbinin igidliyindən bəhs edən “Atları yəhərləyin” (1985) adlı bədii film çəkilmişdir.