Qara Tanrıverdi
Nümunənin reyestr kodu : FL0104010006
Sizə haradan, kimdən danışım, Sulduz kəndindən, Tanrıverdi adlı yetim bir oğlandan. Tanrıverdinin ata-anası ölmüşdü. Bir parça çörək üçün diyarbadiyar düşüb Bozalqanlıya gəldi, burada Süleyman bəy adlı bir varlıya nökər oldu. Ağa Tanrıverdini qoyuna göndərirdi. O, qoyunları nə qədər yaxşı saxlayırdısa da, Süleyman bəy ona yaxşı baxmırdı, çox incidirdi. Bəy ona yeməyə çörək, geyməyə paltar da vermirdi. Çox zaman Tanrıverdi ac-yalavac qalırdı. Axırda canı təngə gəldi. Tanrıverdi onun əleyhinə qalxdı, haqqını istəməyə başladı. Süleyman bəy ona haqq vermədi. Özünü də çox döydü. Çünki əlinə yaxşıca yiyəsiz adam düşmüşdü. Tanrıverdi “Haqqımı ver, gedirəm”, – deyib sözünün üstündə durdu.
Süleyman bəyə kənd kovxasına dedi:
– Tanrıverdi çobanlıqdan çıxmaq istəyir, əgər o çıxsa, mən onun kimi çoban tapmayacağam. Sən gəl onu qorxut, çobanlıqdan çıxmasın. Nə desən sənə verərəm.
Kənd kovxası dedi:
– Sən ondan şikayət elə, dalısıynan işin yoxdu.
Süleyman bəy dedi:
– Nə şikayət eləyim?
– Sən mənə ərizə yaz ki, Tanrıverdi mənim otuz qoyunumu tələf eləyib, dalısıynan işin yoxdu. Mən onun cəzasını verərəm, elə elərəm ki, çobannıxdan çıxmaz.
Süleyman bəy kənd kovxasına elə bir şikayət verdi ki, bəs Tanrıverdi otuz qoyununu tələf eləyib.
Kovxa haman günü Tanrıverdini çağırtdırıb damladı.
Tanrıverdi xəbər aldı:
– Məni nə üçün danlayırsız?
Kovxa dedi:
– Sən Süleyman bəyin otuz qoyununu tələf eləyibsən.
Tanrıverdi çox çalışdı ki, kovxanın əlindən bir yolnan qurtara, amma kovxa əl çəkməyib onu zorla damladı.
Tanrıverdi çox qüvvətli idi, həm də qoçaq oğlan idi. Baxıb gördü ki, bunu nahaq tutublar. Özü də bu Süleyman bəyin qurğusudu. Gecəynən qapını qırıb qaçdı, getdi birbaş Gürcüstan knyazının qapısına.
Knyaz xəbər aldı:
– Ə, nəçisən?
Tanrıverdi dedi:
– Çobanam.
Knyaza da elə bir adam gərək idi ki, onun qoyunlarına baxsın. Çünki knyazın qoyunlarına hər gecə oğru gəlirdi.
Dedi:
– Gəl mənə çoban ol, qoyunlarımı otar. Yaxşı çoban olsan sənə yaxşı baxacağam.
Tanrıverdi günü sabahdan knyazın çobanı oldu. Onun sürüsünə elə baxdı ki, heç bir axsaq quzusunun da burnu qanamadı.
Bir gecə bərk külək əsirdi. Tanrıverdi sürünün qırağında ağaca dirsəklənib sürüyə baxırdı. Gördü ki, iki nəfər oğru sürüyə tərəf gəlir. Tanrıverdi elə bir nərə çəkdi ki, oğrular quruyub yerlərində qaldılar. Tanrıverdi tez yürüyüb oğruların qollarını bağlayıb səhərnən knyazın yanına apardı. Knyaz oğruları saldı qazamata. Bunun üçün Tanrıverdiyə bir yaxşı tüfəng bağışladı.
Bir gün Tanrıverdi qaldı yataxda, sürüyə yoldaşı getdi. Gecənin bir aləmində sürüyə canavar təpindi. Çoban Tanrıverdini çağırdı. Tanrıverdi yerindən durub tez arxaca getdi, gülləynən canavarların birini öldürdü, o birinin də qıçını sındırdı (Tam mətni yüklə).