Qul Mahmud
Nümunənin reyestr kodu : FL0104020031
Təbriz şəhərində Qoca Alı adlı söydəyər var idi. Varlı-dövlətli bir adam idi. Ancaq Qoca Alının nə qədər züryəti olurdu, o qədər də tələf olurdu. Alı həmi uşaq fikrindən, həmi də qocalıqdan lap əldən düşmüşdü. Axır vaxtlar bunun külfətinin boynuna bir uşax düşdü. Arvad yükünü yerə qoymaq vaxtı olanda Qoca Alı kasıb-kusuba nəzir-niyaz verdi ki, siz də mənə dua eləyin, Allah bunu mənim əlimdən almasın.
Arvad yükünü yerə qoyan vaxtı bir ağa dərviş qapıda haqqı-hüy çəkdi. Qoca Alı o biri otaqdan dərvişin səsini eşidib onun qabağına yüyürdü, dedi:
– Ağa dərviş, məndən nə istəyirsən?
Dərviş dedi:
– Mən pay alan dərvişlərdən deyiləm. Sənin uşağının adını qoymağa gəlmişəm. Bir yaşından yüz yaşına kimi onun barını yeyəcəksən. Mən onun adını qoydum Qul Mahmud.
Kişi dərvişin əlindən öpdü. Dərviş çıxıb getdi.
Aylar, illər keçdi, uşax gəlib məktəb yaşına çatdı. Kişi dedi:
– Arvad, bunu burda oxudaq?
Arvad dedi:
– Özün bil.
Kişi dedi:
– Arvad, İsfahanda Şah Abbasın bir məktəbi var, oranı oxuyan padşaha layiq böyük adam olur. Ya vəzir olur, ya da ki böyüyü.
Qul Mahmudu atası aparıb bu məktəbdə oxutmağa qoymaqda olsun, sizə kimdən xəbər verim, Şah oğlu Şah Abbasın vəziri Əhməd vəzirdən. Əhməd vəzirin də gözünün ağı-qarası Leyli adlı bir qizi var idi ki, Əhməd vəzir onu da bu məktəbə qoymuşdu.
Bəli, hər iki cavan məktəbdə bir-birinə yaman məhəbbət bəslədilər. Yeməkləri bir, gəzməkləri bir, oxumaqları bir yerdə olurdu. Vaxt gəldi keçdi, Qul Mahmud məktəbi tamam elədi. Müəllimləriynən, yoldaşlarıynan halal-hümmət eləyib, öylərinə getməyə üz qoydu. Qul Mahmud bir neçə qədəm getmişdi vəzirin qızı Leyli gəldi qabağını kəsdi. Qız saçından bir neçə tel qopartdı, verdi Qul Mahmuda, dedi:
– Qul Mahmud, bunu sənə nişanə verirəm, havaxt məni unutsan od olsun, səni yandırsın!
Hər ikisi biri-birinə nişanə verib, halal-hümmət eləyib ayrıldılar.
– Qul Mahmud qızın həvəsindən quş kimi qanad çaldı, özünü yetirdi Təbrizə, atasının öyünə.
Qohum-qardaş, dost-aşna gəldilər onu görməyə, yeyib-içib dağılandan sonra oğlan anasına dedi:
– Ana, mənim bir səfərim var, mən gedəcəm.
Anası ağlayıb dedi:
– Oğul, yenicə gəlib çıxmısan, hara gedirsən?
Qul Mahmud götürüb anasına görək nə deyir, anası ona nə cavab verir (Mətni yüklə).