AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Soltan və Qəndab

Nümunənin reyestr kodu : FL0104020034

Sizə kimdən danışım, Aşıq Soltandan. Aşıq Soltan səfərdən təzəcə gəlmişdi. Kolxozçular və sovxoz fəhlələri onun başına toplaşmışdılar, bir nağıl söyləməsini xahiş eləyirdilər. Məclisdə bir qoca, dünyagörmüş ustad aşıq var idi. Aşıq Soltan ayağa durdu, üzünü camaata tutub dedi:

– Əzizlərim, ustad aşıq burada ola-ola, bizim nə həddimiz var ki, nağıl danışaq. Hamımız ondan xahiş edək, bizə bir şirin nağıl söyləsin.

Adamlar dedilər:

– Usta, buyursun.

Qoca aşıq ayağa qalxdı, tavar sazını köynəkdən çıxardıb dedi:

– Mən sizə köhnə nağıl söyləməyəcəyəm. Sovet dövründə iki aşıq-məşuqun sevgisindən, işindən bəhs edən “Soltan və Qəndab” adlı bir nağıl danışacağam.

Səslər eşidildi:

– Aşıq deyən yaxşıdı.

Qoca aşıq ortaya çıxıdı, nağılını söyləməyə başladı:

Sizə haradan və kimdən xəbər verim, Dağıstanın Katrux kəndində Hacı adlı bir kişi var idi. Bu kişinin külfəti çox idi. Oğul-uşağının içərisində kiçik oğlu Soltanı çox istəyirdi. Hacı kişi aşıq olduğu üçün ona Şair Hacı deyərdilər. Yaxşı oxuyurdu, gur səsi, həm də yaxşı təbi var idi. Özü şeir, dastan yaradırdı. Hacı, oğlu Soltana da aşıqlıq sənətini öyrədirdi. Soltan yeddi yaşından həm məktəbə gedirdi, həm də atasından aşıqlığı öyrənirdi.

Nağıl dili yüyrək olar, bir neçə il içərisində Soltan atasından saz çalmağı, oxumağı, məclis keçirməyi öyrəndi. Yaxşı bir aşıq oldu, aşıqlar içərisində barmaqla göstərilirdi. Az zaman içərisində o da atası kimi adlı-sanlı bir aşıq oldu.

Sizə kimdən, nədən xəbər verim, Hacının İsa adlı bir qonşusu və onun da Qəndab adlı bir gözəl qızından. Qız Soltandan yaşca az fərqlənirdi, amma bir yerdə məktəbdə oxuyurdular. Qəndab Soltandan aşıqlığı öyrənmişdi. Balaca vaxtlarından bir-birini sevirdilər. Ancaq fikirlərini açıb heç kimə demirdilər. Bir yerdə toya, məclislərə gedirdilər, dövran keçirirdilər. Qəndab da bir Qəndab idi: boy-buxunlu, qaraqaş, qaragöz, büllür buxaq, alma yanaq. Yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə. Soltanın da, onun da bir arzusu var idi: “Nə olaydı, gözəl Moskvanı görəydik, onun səhnələrində söz-söhbət keçirəydik”.

Deyərlər, insan arzusuna çatar. Günlərin bir günü mədəniyyət evində Soltanı Bakıya çağırdılar. O, Bakıya ilk dəfə idi getmirdi. Beşinci, onuncu, nə bilim, çox getmişdi.

Soltan xəlvət bir yerdə Qəndabla görüşdü. Bakıya gedəcəyini ona söylədi.

Qəndab kefsiz dedi:

– Getməsən yaxşıdı.

Soltan ona dedi:

– Qəndab, məni çağırırlar, getməsəm pis olar.Tez gələcəyəm. Ancaq sözümüz sözdü ha...

Qəndab dedi:

– Nə söz?

Soltan dedi:

– Sevgimiz də? Niyə, bilmirsən?

Qəndab dedi:

– Sənə inanmaq olmaz, sevgi-mevgi söz-söhbətdi. Bakıda-zadda birin sevib alacaqsan.

Soltan dedi:

– Qəndab, əzizim, sevgi şorba deyil ki, hər yetənin qabağına tökəsən? Öldü var, döndü yoxdu.

Bəli, onlar təzədən əhd-peyman eyləyib, ayrıldılar. Soltan elə həmin gün Bakıya yola düşdü. Vaqona, avtobusa mindi, axır ki, Bakıya gəlıb çıxdı (Mətni tam yüklə).