AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aslan şahla İbrahim

Nümunənin reyestr kodu : FL0104020007

Azərbaycan dastanlarının bir qrupu nağıl süjetlərinin dastan şəklində yenidən işlənməsi yolu ilə yaranmışdır. Belə nağıl süjetlərindən biri “Şəminin nağılı”dır ki, “Aslan şahla İbrahim” dastanı onun əsasında formalaşmışdır. Dastanın süjet xətti belədir. Şahın iki oğlu müxtəlif səbəblər üzündən vətəni tərk edib qərib ölkəyə getməyə məcbur olur. Böyük qardaş kiçik qardaşı bir şəhər kənarında qoyub özü çörək tapmağa gedir. Şəhərin padşahı öldüyünə görə şah seçmək üçün quş uçurdulur. Quş üç dəfə bu qardaşın başına qonur və onu şah seçirlər. Kiçik qardaşı isə qırx həraminin başçısı tapıb evinə aparır, oğulluğa götürür. Kiçik qardaş bir müddətdən sonra həraminin evini tərk edir, bir halvaçıya şagird olur. Oğlan gözəl olduğuna görə halvaçının müştəriləri günü gündən artır. Oğlanın gözəlliyi Şəminin də qulağına çatır. Dağıstanlı Süleyman xanın qızı Pəri xanımı ala bilmək üçün Şəmi oğlandan istifadə etməyə qərar verir və belə bir plan qurur. Oğlanı öz oğlu kimi qələmə verib Pəri xanımı ona istəmək, qızı aldıqdan sonra oğlanı öldürüb qıza sahib olmaq. Belə də olur. Qızı aldıqdan sonra kapitana pul verib oğlanı dənizə atdırır. Oğlan dənizdən xilas olur, bir qəssaba şagird olur. Onu burada görən Şəmi pul gücünə qəssabı ələ alır ki, oğlanın başını kəssin. Oğlan çobanın köməyi ilə bundan da xilas olur. Nəhayət Şəmi padşahın əli ilə qəhrəmanı tutdurmaq istəyir, amma padşah oğlanın böyük qardaşı çıxır. Qardaşlar bir-birini tanıyırlar. Padşah Şəmini itlərə parçalatdırır. Nağıl kiçik qardaşın Pəri ilə evlənməsi ilə tamamlanır.

“Aslan şahla İbrahim” dastanın üç əsas versiyası məlumdur: “İbrahim-Hürnisə”, “Təhmiraz” və “Adıgözəl”. Eyni süjet əsasında qurulmalarına baxmayaraq, bu versiyalar ekspozisiyalarına, qoşmalarına, personajlarına, qəhrəman adlarına görə bir-birindən fərqlənirlər. Birinci versiyaya görə, Zülal şahın arvadı ölür, Aslanla İbrahim adlı iki oğlu qalır. Şahın aldığı gənc arvadın İbrahimə gözü düşür. İbrahim analığının bu murdar niyyətinə ram olmadığı üçün arvad ona şər atır. Şah İbrahimi sürgün edir, böyük qardaş Aslan da ona qoşulur. İkinci versiyaya görə, ata da, ana da ölür, yetim qalmış iki qardaş bir-birinə qoşulub şəhərdən çıxırlar. Üçüncü versiyaya görə, qoca şahın gözləri kor olur. Dünya görmüş başbilənlər Mahı adlı bir balıq olduğunu, o balığın ətinin padşahın gözü üçün dərman olduğunu deyirlər. Balığı şahın kiçik oğlu Adıgözəl tutur, lakin balıq çox gözəl olduğundan onu öldürməyə qıymır, yenidən dəryaya tullayır. Bunu görən vəzir şaha xəbər verir, o da oğlanlarını sürgün edir.

Versiyalardakı qoşmalarda da ciddi fərqlər özünü göstərir. M.Təhmasib bu xüsusda yazır: “Bəzən eyni hadisəyə, eyni əhval ruhiyyənin təsvirinə, eyni hisslərin tərənnümünə həsr edilmiş eyni məzmunlu qoşmalar öz bədii sanbalına, sənətkarlıq keyfiyyətlərinə, məna dərinliyinə, hətta qafiyəsinə, rədifinə və s. görə bir-birindən o qədər fərqlənir ki, başqa-başqa ustadlar tərəfindən yaradılmış olduqlarına inanmamaq olmur. Bəzi versiyalarda hətta başqalarında olmayan qoşmalara da təsadüf olunur” (Təhmasib, 207). Versiyalar arasındakı fərq personaj adlarında da özünü göstərir. Məsələn, birinci versiyada şahın adı Zülal, oğlanların adı Alsan və İbrahim, ikinci versiyada oğlanların adı Tərlan və Təhmiraz, üçüncü versiyada atanın adı Mahmud paşa, oğlanların adı Aslan və Adıgözəldir. Personaj adlarındakı bu fərqə diqqət çəkən tədqiqatçı yazır: “Tək versiyadan əmələ gəlmiş variantlarda surətlərin adları bu dərəcədə başqa-başqa ola bilməz” (Təhmasib, 208). Beləliklə, versiyalar arasındakı ciddi fərqlər onu göstərir ki, dastan məşhur “Şəmi cuhud” nağıl əsasında ayrı-ayrı aşıqlar tərəfindən qoşulmuş, amma hər üç versiya süjetin ayrı-ayrı variantları üzərində təşəkkül tapdığından versiyalar arasındakı fərqlilik də buradan qaynaqlanır.