Kərəm peşrovu
Nümunənin reyestr kodu : FM0103000006
“Kərəm” peşrovu Şirvan aşıq mühitinə məxsus havalardandır. Ustad aşıq Şamil Piriyevin ifasında səslənən bu havanı musiqişünas Kamilə Dadaşzadə (Axundova) nota salmışdır. Aşıq poetik mətndə Abbas Tufarqanlının “Gözlərəm səni” rədifli gəraylısına müraciət etmiş və onun üç bəndini oxumuşdur. Melodiya 6/8 ölçüyə əsaslanır. Təhlil etdiyimiz digər peşrovlarla müqayisədə “Kərəm” peşrovunun melodiyası nisbətən zildə oxunur. İfa diapazonu I oktavanın “sol” notundan II oktavanın “mi” notuna qədər, seksta intervalı həcmindədir. Dalğavari xətt, az sıçrayışlı, əsasən sekunda münasibətli notlar melodiyanın inkişaf xəttini təşkil edir.
Melodiya instrumental girişlə başlayır, sonra vokal partiya səslənir. İnstrumental və vokal hissə birlikdə giriş və tam perioda, hər misranın sözləri bir frazaya uyğun gəlir. I və II misranın sözlərinə oxunan melodiya I cümləni, III və IV misraya oxunan hissə II cümləni əmələ gətirir. Cümlələr qeyri-kvadrat quruluşludur. Vokal hissədə frazalar peşrov havalarında tez-tez rast gəlinən pauzalı sinkopa ilə başlayır.
Hava “si” mayəli sarənc məqamına əsaslanır. Melodiyanın məqamın ikinci tetraxordunda səslənməsi onu segah məqamına da yaxınlaşdırır (məlum olduğu kimi bu iki məqamı səsdüzümünün artırılmış üçüncü pərdəsi ayırır). Lakin sonuncu bəndin sonuncu misrasının melodik ifasında bitirmək üçün verilən frazanın şura ayaq etməsi onun sarənc məqamına daha yaxın olduğunu deməyə əsas verir. Belə ki, “lya” pərdəsinə əsaslanan “Şur” üçün “si” pərdəsinə əsaslanan “Sarənc” xarakterikdir.