Qaçaq Kərəm
Nümunənin reyestr kodu : FL0104010005
Qaçaqçılıq hərəkatının tanınmış simalarından biri olan Qaçaq Kərəmin adına qoşulmuş dastandır. Azad Nəbiyevin yazdığına görə, Qaçaq Kərəm haqqında dastanın epik əsasları rəvayətlər şəklində hələ onun mübarizə apardığı illərdə yaranmışdır. Bu rəvayətlər aşıqların repertuarında müxtəlif variantlarda yayılmış və tədricən dastanlaşma prosesi keçmişdir. Həmin rəvayətlərdə Kərəm mərdlik, əyilməzlik və ədalət mücəssiməsi kimi vəsf edilmiş, haqqı tapdalananların, nahaqdan incidilib alçaldılanların müdafiəçisi, onların himayədarı kimi çıxış etmişdir.
Qaçaq Kərəm dastanının “Kərəmlə Zalı xan”, “Kərəm xan Sərtib” və sair adlar altında nəşr olunmuş müxtəlif variantları vardır. “Kərəmlə Zalı xan” variantı Hümmət Əlizadə tərəfindən 1934-cü ildə Aşıq Qul Vəlinin repertuarından yazıya alınmışdır. Rəvayətlər toplusunu xatırladan bu variantda ənənəvi dastan strukturu o qədər də gözlənilmir. Dastanın “Kərəm xan Sərtib” adlı variantı isə SSRİ xalq artisti Bülbülün rəhbərliyi altında 1937-ci ildə Nuxa (Şəki) rayonuna təşkil edilmiş ekspedisiya zamanı yazıya alınmışdır. Aşıq Şirin İsmayılovun repertuarından toplanmış bu variantın Qaçaq Kərəmin öz sağlığında yarandığı ehtimal olunur. Dastanın 1920-ci ildə Aşıq Hüseyn tərəfindən yaradılmış variantı isə uzun müddət şifahi repertuarda yaşamış və altmışıncı illərin əvvəllərində folklor ekspedisiyası zamanı folklorşünas Rüstəm Rüstəmzadə tərəfindən yazıya alınmışdır.
Azad Nəbiyev dastanın Gəncəbasar və Göyçə aşıqlarının repertuarı üçün xarakterik olduğunu, sonralar isə Şirvan aşıq mühitində də yayıldığını qeyd edir. Onun fikrincə, Şirvan aşıq mühitinə mənsub olan Aşıq Haşımdan yazıya alınmış “Qaçaq Kərəm” dastanı öz dolğunluğu, dastançılıq ənənələrini qoruyub saxlaması, sənətkarlıq keyfiyyətləri ilə seçilir
“Qaçaq Kərəm” müxtəlif rəvayətlərdən təşkil olunmuş yığcam dastanlardan biridir. Dastan “Kərəm və İsgəndər”, “İsgəndərin vəsiyyəti”, “Kərəmlə İsrafil ağa”, “Kərəmin Qarabağa getməsi”, “Samur görüşü”, “Kərəmin Şabran döyüşü”, “Kərəm Şahdağda”, “İsrafil ağanın xəyanəti”, “Kərəmin ölümü” kimi qollardan ibarətdir.
Qaçaq Kərəm tarixi şəxsiyyətdir. O, 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olub. 80-ci illərdə qaçaqçılıq hərəkatına qoşulub və Qafqazda böyük şöhrət qazanıb. On beş il qaçaqçılıq edən Kərəm əsrin axırlarında çar general-qubernatorunun ciddi cəhdləri sayəsində üzə çıxır və imperator onu bağışlayır. Qaçaqçılığı yerə qoyduqdan sonra o, Cənubi Azərbaycana köçür və burada 1909-cu ildə öz əcəli ilə vəfat edir.
Qaçaq Kərəmin atası Molla Zal oğlu İsgəndər dövrünün açıqfikirli adamlarından biri idi. Camaat arasında böyük şöhrət qazandığını görən bəylər müxtəlif yollarla onu aradan götürməyə cəhd edirlər. Kəndxuda Ağalar bəy Molla Zal oğlu İsgəndərin üstünə at oğurluğu atdırıb onu Sibirə sürgün etdirir, lakin İsgəndər yolda qaçmağa nail olur. Kəndə qayıdaraq kəndxuda və onun əlaltılarını öldürüb qaçaqçılığa başlayır. 1884-cü ildə çar kazakları tərəfindən döyüşdə öldürülür. Atasının ölümündən sonra Qaçaq Kərəm Qıraq Kəsəməndə qala bilmir. Çar çinovnikləri onu təqib etməyə, Kərəmi də öldürməyə çalışırlar. Lakin Kərəm cəld tərpənir, onu öldürmək istəyən strajnik A.Qribenkonu öldürüb kənddən qaçaq düşür.
İgidliyinə, mərdliyinə və xeyirxahlığına görə Kərəm nəinki Azərbaycanda, bütün Qafqazda sevilib. Onun haqqında A.Purtseladze, V.Mçedlişvili “Qaçaq Kərəm” dramlarını yazıb, D.Kozlovski “Qaçaq Kərəm”, V.Kazakovski “Qafqaz qaçaqları” əsərlərini, Fərman Eyvazlı “Qaçaq Kərəm” romanını ona həsr ediblər.