AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Əlicadı

Nümunənin reyestr kodu : FM0103000005

“Əlicadı” peşrovu Şirvan aşıq mühitinə məxsus havalardandır. Yerli aşıqların sözlərinə görə unudulmaqda olan bu hava sonralar balabançı Əli Kərimov tərəfindən aşıq repertuarına qaytarıldığı üçün “Əlicadı”, yəni “Əlinin icadı” adlandırılmışdır. Poetik mətnin sözlərinə görə bu hava müxtəlif adlarla da tanınır.

“Əlicadı” peşrovunun Aşıq Xamis Xanışoğlunun repertuarındakı variantı instrumental girişsiz, balabanın ifası ilə başlayır. Aşıq Abbas Musaxanoğlu isə əvvəldə muğam parçası ilə başlayıb, daha sonra instrumental girişi saz alətində ifa edir ki, bu da Şirvan aşıq musiqisi üçün xarakterik cəhətlərdəndir. Hava saz, balaban, nağara və qoşa nağaranın müşayiəti ilə ifa olunur. Balaban instrumental hissələrdə melodiyanı ifa edir, müşayiət zamanı dəm saxlayır. Zərb alətləri isə peşrovlara xas əsas ritmik müşayiəti saxlamaqla, bəzən onun dəyişilmiş variantlarını göstərirlər.

“Əlicadı” peşrovuna gəraylı şeir şəklində olan poetik mətnlər uyğun gəlir. Aşıq Xamisin ifa etdiyi variantda “Koroğlu” dastanındakı poetik mətndən istifadə olunmuşdur. Havanın melodik üslubunda peşrovlar üçün səciyyəvi xüsusiyyətlər özünü büruzə verir. Bəndlərə instrumental giriş demək olar ki, dəyişməz qalır, bəzən balaban ifaçısı öz ustalığını göstərərək improvizələr edir. İnkişaflı dinamik xəttə malik melodiya bəmdə başlayıb, zil registrə doğru yönəlir. Hər iki misradan sonra araçalğı ifa olunur. I və III misralarda mətnin melodiya ilə uyğunluğunu təmin etmək üçün “ey” heca oxuması əlavə olunur. Digər misralarda aşıq “ey” heca oxumasını əlavə etməyərək, IV hecanı uzadır. Sonuncu – III bəndə oxunan melodiya isə ilk misralardan kulminasiya nöqtəsinə yüksəlir, sonra tədricən eniş baş verir. Bunu melodik xəttin muğam pərdələrinə əsaslanan keçidlərində də görmək olar. Əvvəldə eşidilən “Zabul-Segah” intonasiyaları inkişaf edərək kulminasiyada “Manəndi-Müxalif” pərdəsinə istinad edir və bir müddət onun ətrafında gəzişmə baş verir. III və IV misralara uyğun melodiyada yenidən “Zabul-Segah”a qayıdış eşidilir. Hər motivdə güclü təqti zərb alətinə düşdüyü üçün, melodiyada pauzalı sinkopa yaranır.