Hicazi
Nümunənin reyestr kodu : FM0103000007
“Hicazi” peşrovlar silsiləsinə məxsus Şirvan aşıq havaların biridir. Bu hava bir çox aşıqların repertuarında yer alıb, gəraylı şeir şəklində olan poetik mətnlə oxunur. İlk dəfə musiqişünas Kamilə Dadaşzadə (Axundova) tərəfindən Aşıq Şamil Piriyevin ifasından nota alınmışdır. Bu not nümunəsində hava instrumental girişsiz, birbaşa vokal partiya ilə başlayır. Aşıq poetik mətni özünün müəllifi olduğu “Yarıma bənzər” gəraylısına oxumuşdur. Hər bənd forma baxımdan bir perioda uyğun gəlir. Melodiyasına görə I və II bəndlər eyni, III bənd isə fərqlidir. Birinci period qeyri-kvadrat quruluşlu olub, təkrar quruluşlu iki cümlədən ibarətdir. Cümlələrdəki xanələrin sayı isə 6+6-dır. İkinci period da birinci kimi qeyri-kvadrat quruluşludur. Cümlələr sual-cavab xüsusiyyəti daşıyır və xanələri 9+8-ə bərabərdir.
Melodik inkişaf az dalğavari hərəkətlə septima intervalı həcmində, əvvəldən sona qədər iti tempdə, 6/8 ölçüdə ifa olunur. Ritmik quruluş müxtəlif ölçülü notlardan təşkil olunmuşdur. Məqam əsasına görə hava “fa” mayəli “Segah”a uyğundur. Melodiya sərhəd tonuna (“mi” notuna) qədər inkişaf edərək mayəyə doğru hərəkət edir. Yarım kadanslar üst aparıcı ton və əsas tonun kvintasında, tam kadanslar isə yuxarıdan pilləvari hərəkətlə mayədə tamamlanır. Melodiyanın ifa tembrində bəm-zil registr ardıcıllığı özünü göstərir. I və II bəndlər bəmdən – üst aparıcı tondan, III bənd isə əsas tonun oktavasından başlayaraq mayədə bitir. Belə ki, “Segah” pərdəsinə (mayə) istinadən oxunan ilk iki bənddən sonra melodiya zildə “Manəndi-müxalif” pərdəsi ətrafında gəzişməklə kulminasiyaya yüksəlir. Son iki misraya uyğun melodik hərəkət tədricən aşağı enməklə mayəyə qayıdır.