Əmrah və Sayad Pəri
Nümunənin reyestr kodu : FL0104020028
Azərbaycan, Türkiyə, Türkmənistan və Balkanlarda geniş yayılmış məhəbbət dastanlarından biridir. Dastan Azərbaycanda “Əmrah”, “Əmrah və Sayad Pəri”, Türkiyədə “Emrah və Selvihan”, Türkmənistanda isə “Sayat və Xemra” adı ilə tanınmışdır. Xalq dastanları içərisində gerçək həyatdan götürülmüş motivlərlə ən zəngin olanı hesab olunur. Xüsusən də Van qalasının Şah Abbas tərəfindən mühasirəyə alınması ilə bağlı Ərzurum versiyasındakı hissə tarixi hadisələrlə yaxından səsləşir. Van qalası 1604-cü ildə I Şah Abbas, 1633-1634-cü illərdə I Safiyə bağlı qüvvələr tərəfindən mühasirəyə alınmış, qalada yaşayanlar böyük sıxıntılar çəkmişlər. Dastanın Ərzurum versiyasındakı hadisələr bununla əlaqəli xatirələrə dayanır.
Dastanın Azərbaycan variantı yuxuda ikən Əmraha Mahmud paşanın qızı Sayad Pərinin buta verilməsi ilə başlayır. Əmrah yeddi gün bihuş vəziyyətdə qalır, səkkizinci gün yuxudan ayıldıqda ona buta verildiyini söyləyir. Əmisi qızı Səlminaza ad edilməsinə baxmayaraq, Əmrah öz butasının dalınca yola çıxır və müxtəlif sınaqlardan sonra öz butasına qovuşur. Dastanın əsas personajları Əmrah, Səlminaz, Əmrahın atası Əhməd, Sayad Pəri, Ağcaqız və sairdir. Dastanın Azərbaycanda üç variantı mövcuddur. Bunlardan ikisi Hümmət Əlizadə və Əhliman Axundov tərəfindən toplanmış, üçüncü variant isə Aşıq Şərbətdən yazıya alınmışdır. Anadolu və türkmən variantları ilə müqayisədə Azərbaycan variantları olduqca yığcamdır.
Dastanın Anadolu variantları iki versiya ətrafında formalaşmışdır. Bunlardan biri Ərzurum, digəri isə İrəvan versiyasıdır. Ərzurum versiyasında əslən gəncəli olan qəhrəman əsir alınmış sevgilisinin dalınca səfərə çıxır, müxtəlif çətinliklərlə üzləşsə də, axırda butasına qovuşur. İrəvan versiyasında isə qəhrəmanın özü əsir alınaraq İstanbula aparılır. Ərzurum versiyası süjet xəttinin, hadisələrin epik genişliyinə görə seçilir. Bu variantda Aşıq Əhməd İsfahanlı Aşıq Abbas və onun 39 şagirdinin meydanından qaçaraq Vanın Erciş vilayətinə gəlir. Burada Miroğlu Əhmədin aşığı olur. Miroğlunun qızı Selvi Aşıq Əhmədin oğlu Əmraha buta verilir. Bu zaman Şah Abbas Vana hücum edir. Geriyə dönərkən Selvini əsir edərək İsfahana aparır. Əmrah sevgilisinin arxasınca səfərə çıxır. Bir çox sınaqlardan keçir, sevgilisini alıb Ərcişə gəlir. Selvinin qardaşları onu götürüb Tiflisə aparır. Butasının dalınca yenidən səfərə çıxan Əmrah bir çox macəralardan sonra Şah Abbasın yardımı ilə sevgilisinə qovuşur. Azərbaycan versiyalarındakı qəhrəmanın buta dalınca getməsi Ərzurum və İrəvan versiyalarında məşuqun və ya aşiqin əsir aparılması ilə əvəzlənir. Bunun nəticəsində dastanın Türkiyə versiyaları ictimai-siyasi məzmun kəsb edir.
Dastanın türkmən versiyası isə süjet xəttinə, motivlərinə, həmçinin şeirlərinə, onların aid olduğu epizodlara görə Azərbaycan variantına uyğundur. Bundan çıxış edərək, dastanın türkmən variantının Azərbaycan versiyası əsasında formalaşdığı qeyd olunur. Türkmən versiyasında qəhrəmanın vətəninin Xəzirbecan (Azərbaycan) olaraq verilməsi, Təbriz, Xoy, Qarabağ, Şirvan, Şamaxı və Gəncənin adlarının çəkilməsi, epik ifaçının aşıq adlanması da bunu təsdiq edir. Buna əsaslanaraq, dastanın Azərbaycan aşıqları tərəfindən türkmənlər içərisinə aparıldığı qeyd olunur. Amma dastan türkmənlər içərisində olduğu kimi qalmamış, müəyyən nağıl motivləri, türkmən dastançılıq ənənəsindən gələn bəzi əlavələr edilmiş, nəticədə dastanın türkmən versiyası formalaşmışdır.
Türkiyəli araşdırıcıların fikrincə dastanın yarandığı bölgə Şərqi Anadolu ərazisidir. Dastanın müəllifi hesab olunan Əmrahın Vanın Ərciş ilçəsində doğulduğu və XVII əsrdə yaşadığı ehtimal olunur. Əmrahın həyatı haqqında doğru-düzgün məlumat yoxdur, əldə olanlar da dastanda verilən məlumatlardan irəli getmir.
Dastanın tədqiqində Türkiyəli tədqiqatçıların xüsusi əməyi vardır. Əmrahın həyat və yaradıcılığının öyrənilməsində Ali Saracoğlu, Nejat Birdoğan, Fahrettin Kırzıoğlu, Hikmet Dizdaroğlu, Saadettin Nüzhet Ergun, Cahit Öztelli, Muhan Bali ve Saim Sakaoğlu kimi araşdırıcıların böyük rolu olmuşdur.
-
"Əmrah və Sayad Pəri" dastanı
Aşıq Şərbət variantı
-
"Əmrah" dastanı
Aşıq Həsən variantı
-
"Əmrah" dastanının türkmən versiyası: genezisi və formalaşması
Fərqanə Əliyeva
2010
- Biblioqrafiya və tərtibçilər