Məhəmməd və gürcü qızı
Nümunənin reyestr kodu : FL0104020025
Qulluğunuza hardan ərz eləyim, Şirvandan. Şirvanda kimdən – Molla Qasımdan. Molla Qasım o Molla Qasım idi ki, dəryalar mürəkkəb, ormanlar qələm, dünyalar molla olsaydı, onun əmlakını yazıb başa gətirə bilməzdi. Amma bu zalım oğlunun evladı yox idi. Günlərin bir xoş günü Molla Qasım bazara çıxır, görür ata oğula, ana qıza xırıd edir, hər kəs uşaqlarıyla oynayır. Ona görə məyus olub, evə gəlir. Arvadına yer saldırıb yatır. Arvadı Molla Qasımın bikefliyini görüb səbəbini soruşur. Molla Qasım əvvəlcə bir söz demir. Arvad gəlib onun yanında oturub deyir:
– A kişi, nə olub qəm dəryasına batıbsan, yeddi uşaqla bir dərədə ha qalmamısan. Bir de görək dərdin nədi?
Molla Qasımın dərdi daha da ağırlaşır, bir ah çəkib deyir:
– Eh arvad, neynirəm o var dövləti ki, məndən sonra yadlara qalacaq.
Molla Qasımın arvadı məsələni başa düşüb görür ki, kişi zürriyyətsizlikdən yaralandığını xəbər verir. Deyir:
– A kişi, bə bilmirsənmi ki, nakəs adama, xəsis bir şəxsə Allah kərəmi keçməz. İndi mənə qulaq as, gör nə deyirəm. Gəl sən varını, dövlətini üç qism eylə, ac qarınlar doydur, çılpaq əyinlər geydir, qanlı çaylara körpü saldır, borcluyu borcundan qurtar, bəlkə Allah təala bu xeyir-duaların qarşısında sənə zürriyyət əta edə.
Molla Qasım xeyli götür-qoy edəndən sonra, ayağa qalxır, pal-paltarını geyib, nə ki varı-dövləti varıydı üç qism eləyir. Bütün şəhəri birə-bir gözünün qabağına gətirir, nə ki borclular var, siyahıya aldırır, çağırtdırıb borclarından qurtarır. Şəhər ətrafındakı arxların, çayların üstündən körpü saldırır, acların qarnını doydurur, çılpaqlara paltar alıb verir, yetim-yesirə pul paylayır. O gündən bütün şəhərdə Molla Qasım xeyirxah bir adam kimi hörmət qazanır, hamı ona duaçı olur.
Günlərin bir günü, Molla Qasım sübh yerindən durdu, əlinə aftafa alıb dəstəmaza çıxarkən görür ki, bir nəfər dərviş Əlinin qəsidəsini oxuya-oxuya düz ona san gəlir. Molla Qasım əlini cibinə salıb dərvişə sədəqə vermək istədiyində dərviş deyir:
– Mən pay alan yox, pay verən dərvişlərdənəm, səhv etmə.
Cibindən bir alma çıxarıb Molla Qasıma verib tapşırır ki, almanı hərəm-möhtərəmi ilə yesə, evladı olar. Molla Qasım almanı alıb sevincək geri qayıdır. Bir də yadına düşür ki, kişini də evə dəvət eləsin, geri dönəndə görür dərviş yoxdur, gedib. Bunu görən Molla Qasım bərk-bərk dizlərinə vurub:
– Vay kor olasan gözlərim, sınasan dizlərim, ağamı gördüm, onu bir doyunca ziyarət etmədim, – deyib, birbaşa arvadının yanına qayıdır.
– Arvad, bu alma bizə Allah təala tərəfindən pişkhad olunmuşdur, bunu yeyərsək, uşağımız olacaq, – deyəndə, arvadı gülümsəyib deyir:
– A kişi, dəli olma, əgər alma ilə uşaq olsa, bizim bağın almaları elə hey qarnımızdadır, bə niyə evladımız olmur?
Kişi nə qədər cəhd eləyir, arvad Molla Qasımın sözlərinə bavər verməyir. Molla Qasım da arvadın cəhdinə fikir verməyib, bıçaqla almanı tən ortadan bölüb deyir:
– Götür, bu almanı mənim gözümün qabağında yeyək. Allah kərimdi, nə olar, olar.
Beləliklə, almanı yeyirlər. Sonra da baş yastığa qoyub dilək hasil edirlər. Aradan bir müddət keçmiş Molla Qasım görür ki, arvad baxçada turş alınça qoymadı, ətək-ətək götürüb yeyir. Dedi:
– Ay arvad, deyəsən işləri düzəltmişik.
Bir aydan sonra bəlli oldu ki, Molla Qasımın arvadı hamilədir. O vaxtdan doqquz ay, doqquz gün, doqquz gecə, doqquz saat keçdikdən sonra, arvad barı-həmlini yerə qoydu. Muşduluqçu gəldi ki, Molla Qasım, gözün aydın olsun, bir vəcih oğlun oldu. Molla Qasım muştuluqçuya o qədər var-dövlət verdi ki, muştuluqçu yıxşırıb apara bilməyib köməkçi çağırdı. Aləm sevincək tökülüb Molla Qasıma göz aydınlığı verdilər. Belə qərara alındı ki, uşağın adını dünyagörmüş qarılar qoysunlar. Şəhərdə nəki, ipək qarı, köpək qarı var idi hamısı yığışır Molla Qasımın evinə (Tam mətni yüklə).