Abbas və Gülgəz
Nümunənin reyestr kodu : FL0104020003
Azərbaycan məhəbbət dastanları arasında özünəməxsus yer tutan “Abbas və Gülgəz” dastanı XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı güman edilən Aşıq Abbas Tufarqanlının adı ilə bağlıdır. Bu dastanın nəzm parçaları arasında qoşma, gəraylı, təcnis, cığalı təcnis, müxəmməs, divani, bayatı, meracnamə, vücudnamə kimi şeir şəkillərinə rast gəlmək mümkündür. Bir aşıq bu dastanı başdan-ayağa ifa edirsə, demək, o, əksər aşıq şeir şəkillərindən nümunə söyləyir, fərqli havalarda ifa etməyi bacarır. Bu səbəbdən də aşıqlar “Abbas və Gülgəz” dastanını özlərinin sənət imtahanı hesab edir və onu dastanların “şahı” adlandırırlar. “Abbas-Gülgəz” dastanının əsas mövzusu haqq aşığının öz butasına qovuşmaq üçün apardığı mübarizədən ibarətdir.
Bu dastan süjet xəttinə, epizod və motivlərinə, şeir tərkibinə görə bir-birindən fərqlənən iki versiyadan ibarətdir. Bunlardan biri (“Əsas” versiya) həcm etibarilə daha genişdir, məhəbbət dastanlarının ənənəvi xüsusiyyətlərini özündə cəmləşdirir. Bu versiya Şirvan istisna olmaqla tarixi Azərbaycanın bütün bölgələri üçün səciyyəvidir. “Əsas” versiyaya görə, Gülgəz Abbasa buta verilir, amma Şah Abbas onların qovuşmasına mane olur. Gülgəzin gözəlliyindən xəbər tutub onu öz sarayına gətirilməsini əmr edir. Abbas öz nişanlısını saraydan qaytarmaq üçün Təbrizdən İsfahana yola düşür, ilahi qüvvələrin sayəsində bir sıra çətinliklərdən və şahın sınaqlarından keçib Gülgəzi geri qaytarır. Bu versiyanın Cənub və Qərb variantları mövcuddur. Aşıq Qara Mövlayev, Aşıq Aslan Kosalı, Aşıq Şevki Halıcı, Aşıq Mahmud Qasımoğludan yazıya alınmış variantlar əsas versiyanın Qərb, Aşıq Səməd Həkimi, Aşıq Həsən Qaffarinin ifasından yazıya alınmış variantlar isə Cənub variantlarıdır.
İkinci versiya isə Şirvan zonasının aşıqları arasında yayılıb. Bu versiyada Cənub variantlarında olduğu kimi, Gülgəzlə Abbas əmiuşağı, göbəkkəsmə nişanlıdırlar. Abbas Gülgəzin istəyi ilə aşıq olub söz qoşmaq həvəsinə düşür, niyyət etdikdən sonra butalanır, ancaq butasından “qüsurlu” ayılıb lal-kar olur. Dərdinə əlac tapmaq üçün Bağdada səfər etdiyi ərəfədə Gülgəzi saraya aparırlar. Şirvan versiyasında Şah Abbas ədalətli, mərhəmətli hökmdar kimi təqdim olunur, Gülgəzə sahib olmaq üçün Abbası heç bir sınaqdan keçirmir. Aşıq Şərbətdən yazıya alınmış nümunə bu versiyaya daxildir.
Adı çəkilən versiyalardan əlavə, dastanın “Abbas” adlı başqa bir variantı da mövcuddur, ancaq burada qəhrəmanlıq dastanlarına xas motivlər üstünlük təşkil edir, qəhrəman daha çox bahadır obrazını xatırladır.
İlk dəfə 1893-cü ildə “Kaspi” qəzetinin 19-cu sayında M.Mahmudbəyovun məqaləsində “Abbas və Gülgəz” dastanının qısa məzmunu verilmişdir. H.Əlizadə 1937-ci ildə “Aşıqlar” kitabında dastanın nəzm hissəsini çap etdirmişdir. Dastanın tam mətni 1961-ci ildə Ə.Axundov tərəfindən nəşrə verilmişdir. “Abbas və Gülgəz” dastanının indiyə qədər Aşıq Qara Mövlayev, Aşıq Səməd Həkimi, Aşıq Şərbət, Aşıq Aslan Kosalı, Aşıq Şevki Halıcı, Həsən Qaffaridən yazıya alınmış, həmçinin “Azərbaycantelefilm” tərəfindən videolentə köçürülmüş Aşıq Mahmud Qasımoğlunun repertuarına məxsus variantları elmə məlumdur.
Dastan, məlum olduğu kimi, Aşıq Abbas Tufarqanlının adı ilə bağlıdır. Dastanda adı çəkilən Şah Abbas surətinə və bir sıra tarixi hadisələrə əsaslanaraq tədqiqatçılar Abbas Tufarqanlının XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığını, dastanın da həmin dövrdə formalaşdığını güman edirlər. M.Təhmasib dastanın Aşıq Abbasın özü tərəfindən, Ə.Cəfəroğlu, H.Əlizadə, A.Nəbiyev, M.İbrahimov, M.Seyidov, Ə.Axundov, H.Araslı, P.Əfəndiyev isə Abbas Tufarqanlının şeirləri əsasında sonradan başqa aşıqlar tərəfindən qoşulduğu qənaətindədirlər. Fikir müxtəlifliyinə baxmayaraq, bir şey dəqiqdir ki, yarandığı dövrdən bəri dastana bir çox yeni motivlər və şeirlər əlavə olunub. Buna görə də hər bir versiya və variantda bir aşıq ordusunun əməyi vardır.
“Abbas-Gülgəz” dastanı Azərbaycanın və Türkiyənin müxtəlif bölgələrində geniş yayılmışdır. Dastanın “Əsas” versiyası daha çox tarixi Azərbaycanın Qərb (Göyçə, Ağbaba, Loru-Pəmbək, Borçalı, Gəncəbasar, Tovuz-Qazax) və Güney bölgələrində (Qaradağ, Təbriz, Urmiya) geniş yayılıb. Şirvan versiyası isə Şirvan bölgəsi aşıqlarının repertuarında yer alır.
-
"Abbas və Gülgəz" dastanı
Aşıq Qara Mövlayev variantı
-
"Abbas və Gülgəz" dastanı
Aşıq Aslan Kosalı variantı
-
"Abbas və Gülgəz" dastanı
Aşıq Şərbət variantı
-
Abbas dastanı
Azərbaycan dastanları, II cild
-
"Abbas-Gülgəz" dastanının versiya və variantları
Vüsalə Məmmədova
- Biblioqrafiya və tərtibçilər