AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tahir və Zöhrə

Nümunənin reyestr kodu : FL0104020006

Ustad aşıqların əksəriyyətinin əzbər bildiyi bir dastandır. Görkəmli aşıqların dediyinə görə şagirdlərin müstəqil aşıqlığa keçmək dərəcəsinə çatmasının əsas şərtlərindən biri məşhur dastanları əzbərdən bilmək və ifa etmək idi. Belə məşhur dastanlardan biri də “Tahir və Zöhrə” sayılmışdır. Bu dastan təkcə bizə məxsus deyil. Qafqaz xalqlarının əksəriyyətində bu dastan sevilmiş, gürcü, erməni aşıqlarının repertuarında da özünə yer tapmışdır. Başqa xalqlar arasında yayılmış bu dastanın fərqli variantları və versiyaları əməl gəlmişdir. Dastanın özbək, tatar, uyğur, Türkiyə, Şərqi Türkistan və s. variantlarının olduğu məlumdur.

Azərbaycanda bu dastan ilk dəfə keçən əsrin əvvəlində Ələkbər Hüseynov tərəfindən nəşr edilmişdir. Dastanın ayrı-ayrı qoşmalarına müxtəlif illərin əlyazmalarında, cünglərdə təsadüf edilməkdədir. M.Təhmasibin yazdığına görə, hazırda dastanın Azərbaycanın müxtəlif rayonlarından toplanmış iyirmiyə qədər variantı vardır. Bu variantların hamısı süjet və kompozisiya baxımından bir-birinə çox yaxındır. Bir qədər də dəqiq desək, eyni versiyanın ayrı-ayrı aşıqlar tərəfindən söylənmiş variantlarıdır. Onların bəziləri mükəmməl, bəziləri nisbətən müxtəsər, bəziləri natamam, pozulmuş şəkildədir. Variantlar arasında bəzi fərqlər gözə çarpsa da, bu fərqlər dastanın yeni bir versiyasını yaradacaq səviyyəyə qalxmır.

Əldə olan variantlar içərisində ən mükəmməli Ələkbər Hüseynov və Tovuz rayonunun Öysüzlü kəndində yaşamış Aşıq Ələsgər Cəfərovdan toplanmış variantlardır.

“Tahir və Zöhrə”, eləcə də “Mehr mah”, “Mahmehri ilə Xurşid”, “Şahzadə Sənubər” dastanları astral əsərlərin sonradan folklorlaşmış variantları hesab olunur. Astral əsərlər təbiət qüvvələrinin, təbiətdə baş verən hadisələrin, xüsusən də, səma cisimlərinin, səyyarələrin və bürclərin insan şəklində təsəvvürünə əsaslanır. Belə əsərlərdə bəzən tam il daxilində, bəzən ayrı-ayrı fəsillərdə, bəzən isə bir gecə-gündüzdə ulduzlar aləmində baş verən hadisələr bədii bir dildə təsvir olunur. Astral və bürclərin insan kimi təsəvvür və təsvir edilməsi yolu ilə yaranan belə əsərlərdə səyyarələrin bəziləri qadın, bəziləri kişi şəklində insanlaşdırılır və bunların bir-birinə münasibətinə uyğun süjet xətti qurulur. Ədəbiyyat tarixində belə əsərlərin XII-XV əsərlərdə yaradıldığı məlumdur.

Dastanın qısa məğzi belədir: Zöhrə qaraman hökmdarı Hatəm sultanın qızıdır. Tahirlə o bir saatda dünyaya gəlib, bir yerdə böyüyüb, bir məktəbdə oxuyublar. Bir variantda Zöhrəni Qara Vəzirin oğlu, digərində Molla Bədəl, başqa variantda isə Keçəl almaq istəyir. Onların hiyləsi ilə Hatəm Sultan öz qardaşını, yəni Tahirin atasını öldürür, özünü də sürgün edir. Tahir qəribliyə düşür. Ellər, obalar gəzir, nəhayət Xanverdi sövdəgərin qızı Nərgizə rast gəlir. Nərgiz Tahiri sevsə də, Zöhrəni unuda bilməyən Tahir vətənə dönür. Zöhrə onu sandığa qoyub suda saxlayır. İp qırılır, girdaba düşən sandığı Zöhrə öz qoşmaları ilə girdabdan qurtarır. Sandıq Çinə gedir. Çin hökmdarı Banu Hatəm sultanı öldürüb Tahirlə Zöhrəni birləşdirir. M.Təhmasibə görə, dastandakı personajlar astral cisimlərin insanlaşmış surətləridir. Belə ki, Hatəm sultan qaranlıq gecəni təmsil edir, o doğma qardaşını, yəni gündüzü məhv edib hakimiyyəti ələ alır. Zöhrə zöhrə ulduzunun, Tahir isə ayın antropomorflaşmış surətləridir. Tahirin dastandakı macərasının ayın göydəki hərəkətinə tam uyğun gəldiyini qeyd edən tədqiqatçı dastanın yazılı ənənəyə kifayət qədər bələd olan savadlı biri tərəfindən yaradıldığı qənaətindədir.