AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qurbani

Nümunənin reyestr kodu : FL0104020013

Azərbaycan məhəbbət dastanlarından biridir. Qurbaninin həyatı və şeirləri əsasında XVI-XVII əsrlərdə qoşulduğu ehtimal olunur. Dastanın Gəncə, Diri və Zəncan versiyaları və onların hər birinin müxtəlif variantları vardır. Gəncə və Diri versiyalarının hər birinin dörd, Zəncan versiyasının isə iki variantı məlumdur. Bu versiyalar arasında ən mükəmməli Gəncə versiyası hesab olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Gəncə versiyasında min misradan artıq şeir vardır. Dastanda Ziyad xanın qızı Pəri Qurbaniyə buta verilir. Qurbani butasının dalınca Gəncəyə yola düşür. Pərini öz oğluna almaq istəyən Qara vəzir qəhrəmanın haqq aşığı olub-olmadığı yoxlamaq üçün onu müxtəlif sınaqlardan keçirir. Qara vəzirin maneələrinə, əngəllərinə baxmayaraq dastan Qurbaninin öz sevgilisinə qovuşması ilə tamamlanır.

Dastanın Diri versiyası Cəbrayılın Diri kəndində qeydə alınmışdır və o ətrafda yayıldığı üçün bu adla tanınır. Gəncə versiyası ilə müştərək cəhətlərin, personajların eyni olmasına baxmayaraq, burada iki aşiqin vüsalı baş tutmur. Bu versiyada Qurbani ilan çalması nəticəsində dünyasını dəyişir, Pəri də onu qəbri üstündə canını tapşırır. Dastanın Cənubi Azərbaycanın Zəncan vilayətindən toplanmış üçüncü versiyası isə olduqca müxtəsər şəkildə verilmiş, təfsilat, demək olar ki, yox dərəcəsindədir.

Dastanda istifadə olunan şeirlər əsasən qoşma və gəraylılardan ibarətdir, Gəncə versiyasının yekununda hər biri on iki misradan ibarət iki divani də verilir.