AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Zərb çalğı alətləri

Nümunənin reyestr kodu : ST0804000001

Идиафонлу мусиги алятляри

Azərbaycanda zərb çalğı alətlərinin kökləri ibtidai yaşayış dövrlərinə gedib çıxır. İlk dövrlərdə insanlar ritm yaratmaq üçün müəyyən vasitələrdən istifadə etmişlər ki, bunlardan biri də ayaqdöymə zərb üsulu idi. Bu zaman quyunun üzərinə döşənmiş quru ağacın üstü müxtəlif heyvan dəriləri ilə örtülür, ayaqla döyəcləməklə çeşidli ritmlər alınırdı. Bu zərb üsulu öz adını zorxana oyunlarının birinin adında bu gün də yaşadır.

Zərb alətlərindən təyinatına görə müxtəlif məqsədlə istifadə olunmuşdu: Bir qismi döyüşlər zamanı əsgərlərin əhval-ruhiyyəsini yüksəltmək, onların mübarizə əzmini artırmaq məqsədilə, digərləri məişət şənliklərində, xüsusən də toy-düyünlərdə səsləndirilmişdi. Məsələn, qədim musiqi alətlərindən olan kos Azərbaycan, Türkiyə, İran, Mərkəzi Asiyada hərbi yürüşlərdə, döyüş meydanlarında, saray mərasimlərində geniş istifadə olunmuş, sonradan Avropada yayılaraq “türk təbili” adı ilə tanınmağa başlamışdı. Bu musiqi aləti XV əsdə Britaniya nizami ordusuna gətirilmiş, XVII əsrdən etibarən “litavra” adı altında hərbi orkestrlərin tərkibinə daxil edilmiş, 1807-ci ildən isə Avropa simfonik orkestrlərində aparıcı zərb alətinə çevrilmişdi.

Kos, təbil dənbal, məzhər, zil, dühul, davul, naqus, xalxal və başqa zərb alətləri musiqi mədəniyyətimizin inkişafında müstəsna rol oynasa da, təəssüf ki, günümüzədək gəlib çatmamışdı.

Səsini tarıma çəkilmiş dəridən alan zərb çalğı alətləri Azərbaycan ərazisində tarixən çox geniş yayılmış və xalqımızın mədəni həyatında özünəməxsus rol oynamışdı. Bu alətlər birüzlü və ikiüzlülər olmaqla iki hissəyə ayrılır. Birüzlülərə yalnız bir üzünə dəri çəkilmiş müxtəlif konstruksiyalı zərb alətləri, ikiüzlülərə isə hər iki üzünə dəri çəkilmiş alətlər daxildir.

Zərb çalğı alətləri arasında ən geniş yayılanı nağaradır. Xalqımızın adət-ənənələrinin, toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın bir çox növləri vardır və ölçülərinə görə bir-birindən fərqləndirilərək böyük nağara, cürə nağara, çiling nağara, qoltuq nağara, əl nağara adlandırılır. Bu alət, əsasən, iki quruluşda mövcuddur: birüzlü və ikiüzlü. Birüzlülərə qoşa nağara, təbil, dəf, qaval, ikiüzlülərə böyük nağara (kos nağara), cürə nağara və qoltuq nağara aid edilir. Nağaralar arasında ən çox yayılanı qoltuq və cürə nağaradır.

Birüzlü zərb alətləri içərisində geniş yayılanlardan biri də qavaldır. Azərbaycan klassiklərinin əsərlərində, miniatürlərdə qaval haqqında kifayət qədər məlumat verilmişdi. İlkin formasını dövrümüzə qədər qoruyub saxlamış bu alətdən orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdi. Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdı. Görkəmli bəstəkar Ü.Hacıbəyov qavalı xalq çalğı alətləri orkestrinin tərkibinə daxil etmiş, ilk not partiyasını da özü yazmışdı. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir. Rəng, dəraməd, təsnif və zərbi muğamlarının üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir.

Tarixi baxımdan nəfəs alətlərindən xeyli əvvəl yaransa da, ardıcıl səs yüksəkliyi olmadığından zərb alətlərində konkret melodiyaların ifası mümkün deyil. Zərb alətlərində yalnız ritmlər və vəznlər ifa edilir. İnsanlar ancaq nəfəsli çalğı alətləri yarandıqdan sonra hansısa bir melodiyanı ifa edə biliblər.

Musiqiçi Abbasqulu Nəcəfzadənin fikrincə, Azərbaycan ərazisində 14 membrafonlu, 3 idio-membrafonlu zərb aləti mövcuddur. Membrafonluların hazırda 10-u xalq musiqisində geniş istifadə olunur.