AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Çul

Nümunənin reyestr kodu : SD0104000003

Çul – üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalına salınan qıldan və ya yundan toxunma qalın örtükdür. Çullar əsasən xovsuz, nadir hallarda xovlu texnikası ilə toxunurdu. Bundan əlavə, həm xovlu, həm də xovsuz toxunuşlu (bu toxuma texnikası “məxfur” adı ilə tanınır) çullar da mövcuddur. Belə çullardan biri Azərbaycan Xalça Muzeyində mühafizə olunan və XIX əsrin sonlarında toxunan Şirvan qrupuna aid çul nümunəsidir (DDK-1543). Zəngin ornamenti və rəng ahəngdarlığı ilə digərlərindən fərqlənən bu nümunə unikallığı ilə diqqəti cəlb edir. Kompozisiyası ara sahə və üç haşiyədən ibarət olan həmin çul həndəsi element, stilizə olunmuş buta və quş təsvirləri ilə bəzədilib. Haşiyəsində “S” formalı qarmaq motivlərinin təkrarından ibarət sonsuzluğu və qorunmağı təmsil edən “axar su” işarəsi verilib.  Mərkəz hissəsində ardıcıllıqla təsvir olunan “daraq” elementi bəd nəzərdən qorunmaq mənasını bildirir. Ümumiyyətlə, bu cür elementlərə bir çox xalça məmulatlarında rast gəlmək mümkündür. Bolluq və bərəkət anlamına gələn “Pıtraq” elementi də çul üzərində həkk olunan əsas ornamentlərdən sayılır. Haşiyələri bəzəyən gül elementləri ilahi sevgini, həsrəti simvolizə edir.

Xüsusi məclislərdə və el şənliklərində heyvana (at, dəvə, öküz) yaraşıq vermək və ya soyuq havalarda heyvanı qorumaq üçün çuldan geniş istifadə olunurdu. Toxunuşunda əsasən yun, pambıq, bəzən də ipək iplərdən istifadə olunan çulları yerli toxucular özləri toxuyur və onu müxtəlif naxışlarla bəzəyirdilər. Düzbucaqlı formada toxunulan çulun yanları saçaqlı qotazlarla hörülürdü.

Çulların bəzədilməsi, bədii tərtibatı insanların məxsus olduğu zümrədən aşlı olaraq fərqlənirdi. Məsələn, hökmdar və əyanlar üçün toxunan çulların bədii tərtibatında qiymətli daş-qaşlardan istifadə olunurdu.

Azərbaycanda xovsuz xalça texnologiyasının köməyi ilə məişət məmulatlarının hazırlanmasının tarixi daha qədimlərə gedib çıxır. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin qədim tarixə malik olduğunu göstərir.

Yazılı mənbələrdə Azərbaycanda toxunan bir çox xalça məmulatları, o cümlədən çul haqqında ətraflı məlumat verilmişdir. X əsrə aid olan və müəllifi bilinməyin “Hüdud əl-aləm” əsərində Muğanda toxunan çullardan bəhs edilmişdir.

Azərbaycanın bir çox bölgələrində maldarlıq və heyvandarlığın inkişafı üçün əlverişli şərait mövcud olmuş, çuldan istifadə də həmin bölgələrdə geniş yayılmışdır. Qarabağda, Muğanda, Şirvanda, Bakıda, eləcə də Cənubi Azərbaycanda toxunan çullar həm toxunuşuna, materialına, həm də bədii tərtibatına görə seçilmişlər.