AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Azər-İlmə

“Azər-İlmə” MMC unudulmaqda olan xalça çeşnilərini bərpa etmək, milli xalçalarımızın bədii ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, Azərbaycan xalçasının beynəlxalq miqyasda ticarətini təşkil etməklə layiqli şəkildə təbliğinə nail olmaq məqsədi ilə 1996-cı ildə peşəkar xalça ustası, ömrünün 30 ilini xalq toxuculuğu ənənlərinin araşdırılması və bərpasına həsr etmiş Vidadi Muradov tərəfindən yaradılmışdır. Bu məqsədə doğru addım-addım, ilmə-ilmə yaxınlaşan "Azər-İlmə" tarixən qədim toxuculuq mərkəzləri Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanalar yaratmış, əsrlər boyu formalaşmış milli ənənələri ən yüksək səviyyədə yaşadaraq böyük nüfuz qazanmışdır.

Hal-hazırda "Azər-İlmə"nin peşəkar xalçaçı-rəssamlardan, ustad toxuculardan, bərpaçı və boyaqçılardan, həmçinin peşəkar müəllimlərdən, respublikanın müxtəlif bölgələrində faəliyyətini şirkətlə əməkdaşlıq zəminində quran xalçaçılardan ibarət 300 nəfərlik kollektivi məhsuldar yaradıcılıq axtarışlarını davam etdirir. Şirkətin toxuduğu xalçalar 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover, 2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərlərində uğurla sərgilənmiş, Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və digər ölkələrdəki muzeylərdə, şəxsi kolleksiyalarda Azərbaycanın səfiri, təmsilçisi olmuşlar. Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında yundan və ipəkdən, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli xalçalar istehsal edən "Azər-İlmə" "Uğur", Caspian Energy İnternational Award, "Kraliça Viktoriya adına eksklüziv" mükafatı, "Avropa keyfiyyət mükafatı", İlin brendi mükafatlarına layiq görülmüşdür. 

"Azər-İlmə"-nin keçdiyi yolu yalnız "yaradıcılıq illəri" kimi səciyyələndirmək olar. "Şirkət" və "yaradıcılıq" bir araya çətin sığan anlayışlar olsa belə, "Azər-ilmə" bu çətinliyin öhdəsindən də uğurla gəlmişdir. Bu illər ərzində görülən işlər bir daha sübut etmişdir ki, xalçanı toxumaq onu yaşatmaq üçün görülən işlərin hələ hamısı demək deyil. Xalçanı araşdıraraq toxumaq, bu işin ustadlarını tapmaq, aramaq, çeşni-çeşni, naxış-naxış öyrənmək vacibdir. Öz yaradıcılığını da bu zəmində quran və genişləndirən şirkətin mütərəqqi cəhətlərindən biri də burada Azərbaycan xalçasının çoxəsrlik tarixinin fundamental elmi tədqiqatlara cəlb olunmasıdır. Bu bir zərurət, illərlə öz araşdırmacısını gözləmiş bir problemdir. "Azər-İlmə"nin araşdırmaları elmdə yaranmış bu boşluğu aradan qaldırdı. Professor V.Muradovun rəhbərliyi ilə aparılan tədqiqatların, kompleks axtarışların nəticəsi kimi 2008-ci ildə Azərbaycan, ingilis, rus dillərində "Azərbaycan xalçaları", 2010-cu ildə Azərbaycan, ingilis, rus dillərində "Azərbaycan xalçaları. Qarabağ qrupu", 2011-ci ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb dillərində "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Qarabağ qrupu", "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Təbriz qrupu", "Azərbaycan xalçaları. Şirvan qrupu", 2012-ci ildə "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Quba qrupu", "Azərbaycan xalçaları. Bakı qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu", "Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu", 2013-cü ildə Azərbaycan və rus dillərində "Azərbaycan xalçaçılıq sənəti", Azərbaycan, alman, italyan, türk, ingilis, rus, ivrit, fransız dillərində "Azərbaycan xalçaları. Təbriz qrupu" kitabları, 2014-cü ildə Azərbaycan, rus, ingilis dillərində "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı kitab-kataloqu (dərs vəsaiti), rus və ingilis dillərində "İrəvan xalçaları" broşür-kataloqu, 2015-ci ildə "Azərbaycanın İrəvan bölgəsi: tarixi və xalçaları" monoqrafiyası, 2016-cı ildə Azərbaycan, rus, ingilis dillərində “Qarabağ bölgəsinin xalçaçılıq tarixi" adlı kitab-kataloqu (dərs vəsaiti) işıq üzü görmüş, dünya muzeylərinə və kitabxanalarına göndərilmişdir. "Azər-İlmə"nin ekspedisiya qruplarının respublikamızın müxtəlif xalçaçılıq bölgələri üzrə axtarışları da diqqətəlayiqdir. Məsələn, 2013-cü ildə Azərbaycan, rus və ingilis dillərində ayrı-ayrılıqda Nyu-Yorkda, İstanbulda və Moskvada işıq üzü görmüş "Naxçıvan xalçaçıları" kataloq-kitabı da bu tarixi türk yurdunun qədim xalçaçılıq ənənələri, bu el sənətini yaşadan, yaradan və gələcək nəsillərə ərməğan edən xalçaçılar, dünya muzeylərində və kolleksiyalarında mühafizə olunan, indiyədək Naxçıvanın Azərbaycan ictimaiyyəti üçün naməlum olan xalça və xalça məmulatları haqqında məlumat verilmişdir. Mərkəzin tədqiqat qruplarının Azərbaycanın İrəvan, Gəncə, Quba, Şirvan, Təbriz, Bakı kimi xalçaçılıq mərkəzləri üzrə axtarışları davam edir. "Azər-İlmə" yerli və dünya telekanallarında xalçaçılığa dair elmi-kütləvi verilişlərdə uzun illərin gərgin axtarışlarından, topladığı zəngin təcrübədən qaynaqlanan müntəzəm və maraqlı çıxışlar edir. Bədii-estetik həll baxımından orijinal üsluba malik "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı telefilmlərin istehsalı ideyası da "Azər-İlmə" tərəfindən reallaşdırılmaqdadır. Artıq "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Qarabağ qrupu" və "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu", "Rənglərin ahəngi" telefilmləri tamaşaçıların ixtiyarına verilib.

Azərbaycan xalçasının saflığını, gözəlliyini, tarixiliyini, toxunulmazlığını qorumaq məqsədilə yaradıcılıq imkanlarını get-gedə daha da genişləndirən "Azər-İlmə" öz üzərinə düşən vəzifələrin məsuliyyətini dəyərləndirir. Xalqın, dövlətin etimadını doğrultmaq, milli, mənəvi, əxlaqi prinsiplərə sadiqlik - "Azər-İlmə"nin amalı və fəaliyyət prinsipidir. "Azər-İlmə" bundan sonra da bu prinsiplər əsasında yaşayacaq və yaradacaq, doğma Azərbaycanımızın inkişafına xidmət göstərəcəkdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı